İstanbulda keçirilən Avrasiya İqtisadi Zirvəsi mayın 13-də öz işini davam etdirib. ‘’Qlobal məsuliyyət’’ mövzusunda keçirilən Zirvənin ikinci günü Şeyxülislam Allahşükür Paşazadə ‘’Su və yaşıllığın tükəndiyi planet’’ mövzusunda keçirilən paneldə çıxış edib.
Dünyada baş verən kataklizmləri bəşəri təhdid olaraqqiymətləndirən A.Paşazadə deyib ki, yaşadığımız dövr böyük qarşıdurmalar və insan qırğınları ilə səciyyələnməsi təəssüf doğurur.
QMİ sədri deyib ki, geosiyasi, iqtisadi, etnik, dini və irqi zəmində toqquşmalar, artan iqlim dəyişiklikləri bəşəriyyətin gələcəyini təhdid edir. “Bütün bu problemlər başlıca olaraq ilahi düzənin pozulmasından, insanların mənəvi-əxlaqi köklərindən ayrılmasından qaynaqlanır.’’
Bütün Qafqazın Şeyxi Azərbaycanın da hərbi cinayətlərə, insan qırğınına, soyqırıma məruz qalmış ölkə olduğunu qeyd edib: “Şükürlər olsun, müzəffər Ali Baş Komandanımız – Azərbaycan Prezidenti İlham Əliyev cənablarının liderliyi ilə dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik və bugün azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri aparır, müsəlman, xristian və digər dinlərə aid məbədlərə yeni həyat verir, mədəni-mənəvi irsimizi dirçəldir, şəhərlərimizi yenidən inşa edir, regionda sülh və tərəqqi layihələrinin təşəbbüskarı kimi çıxış edirik”.
A.Paşzadəyə nitqindən sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suver tərəfindən fəxri hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığ ilə keçirilən 29-cu Avrasiya İqtisadi Zirvəsidə 48 ölkədən 400-ə yaxın nümayəndə iştirak edir.