Respublika Günü ilə bağlı Britaniyadakı səfirliyimiz videokonfrans keçirib

-FOTO
28 May 2021 - 00:25

28 May – Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi videokonfrans formatında tədbir keçirib.

Tədbiri açan səfir Tahir Tağızadə ötən il 44 günlük Vətən müharibəsindən, imzalanan üçtərəfli birgə Bəyanatdan danışıb, ərazi bütövlüyünü bərpa edən Azərbaycanın bu il Respublika Gününü xüsusi coşqu ilə qeyd etdiyini bildirib. Regionda hərbi işğalın sonlanmasının, ümumilikdə, Cənubi Qafqazda davamlı sülhün əldə edilməsi və regional əməkdaşlıq üçün yeni perspektivlər vəd etdiyini qeyd edən T.Tağızadə, Vətən müharibəsi zamanı nümayiş etdirdiyi balanslı mövqeyə görə Britaniya hökumətinə təşəkkürünü bildirib və ikitərəfli əlaqələrin dinamikasından söz açıb.

Tədbirdə Britaniya tərəfindən əsas qonaq qismində iştirak edən Britaniya Xarici İşlər və İnkişaf Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya idarəsinin rəisi Martin Harris Azərbaycan və Britaniya arasındakı strateji münasibətlərin ötən onilliklər ərzində yalnız yüksələn xətlə inkişaf etdiyinə diqqət çəkib, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ildə Londona səfərinin əhəmiyyətini vurğulayıb. O, həmçinin Britaniyanın ixracat naziri Graham Stuartın mayın 20-23-də Birgə İqtisadi Komissiyanın dördüncü görüşündə iştirak etmək məqsədilə Bakıya baş tutan uğurlu səfəri zamanı Azərbaycan-Britaniya Ticarət Palatasının əsasının qoyulması, Prezident İlham Əliyevlə keçirilmiş görüş və həmin görüş zamanı ölkələrimizin bundan sonra da, xüsusən bərpaolunan enerji sahəsində əməkdaşlığı davam etdirmək əzmini ifadə etməsindən söhbət açıb.

Britaniya Baş nazirinin Azərbaycan üzrə Ticarət elçisi Baronessa Emma Nikolson da Azərbaycan xalqına təbriklərini çatdırıb və ötən illər ərzində Azərbaycana reallaşan səfərlərini xatırlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevə və xanım Mehriban Əliyevaya salamlarını çatdırıb.

Britaniya Parlamentində Azərbaycan üzrə Qrupun sədri Bob Bləkmən hələ Azərbaycan Demokratik Respublikası dövründə Britaniya ilə diplomatik əlaqələrin qurulmasına, ADR-in Britaniyadan daha öncə qadınlara səsvermə hüququ verməsinə diqqət çəkib. O, Azərbaycanı qələbə münasibətilə təbrik edib və regionda davamlı sülhün əldə ediləcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan Milli Məclisində Britaniya ilə Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev çıxış edərək, ADR-in tarixindən, əldə etdiyi uğurlardan söz açıb və müasir Azərbaycanın nailiyyətləri, Britaniya parlamenti ilə uğurlu əməkdaşlıqdan bəhs edib. Deputat Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən hərbçilər və mülki şəxslərin hər zaman dərin ehtiramla anılacağını söyləyib. C.Feyziyev, həmçinin azad edilmiş ərazilərimizdəki vəziyyətlə yerində tanış olmaları üçün britaniyalı həmkarlarını Azərbaycana səfərə dəvət edib.

2012-2017-ci illərdə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti vəzifəsində çalışmış, hazırda isə BP şirkətinin əməliyyatlar və istehsal üzrə vitse-prezidenti olan Qordon Birrel də Azərbaycana təbriklərini çatdırıb və BP-nin Azərbaycanla birlikdə həyata keçirdiyi uğurlu enerji layihələrindən danışıb. O, Azərbaycana və ölkə rəhbərliyinə böyük rəğbət bəslədiyini bildirib, ölkəmizin onun üçün hər zaman xüsusi yerə malik olduğunu söyləyib.

Sonra Londonda fəaliyyət göstərən “Azərbaycan Evi”nin sədri Ali Tekin Atalar Britaniyada yaşayan Azərbaycan diasporunun üzvləri adından çıxış edib.

Tədbirdə 50-dən çox qonaq iştirak edib.

Tədbirin bədii hissəsində Britaniyada yaşayan Əməkdar incəsənət xadimi, tarzən Rafiq Hüseynov və skripka ifaçısı Sabina Rakçeyeva milli musiqilərimizdən parçalar səsləndiriblər.