General Rövşən Əkbərovun ittiham olunduğu cinayətin dosyesi – 

18 il əvvəl Kiyevdəki restoranda nə baş verib?
16 Mart 2021 - 00:50
 General Rövşən Əkbərovun həbs edilmə səbəbi olaraq 18 il əvvəl –2003-cü ildə Ukraynada baş vermiş cinayət işi göstərilir. O zaman restoranda azərbaycanlı iş adamı Elçin Əliyev qətlə yetirilmişdi.

Azpost.info bildirir ki, bir neçə ay bundan əvvəl musavat.com həmin qalmaqallı cinayət işi ilə bağlı araşdırma dərc edib.

Araşdırmada vurğulanır ki, 18 ildir ki, onun adı iş adamı Elçin Əliyevin qətlində əsas fiqurant kimi keçir. Elçin Əliyev 2000-ci ilin əvvəllərində Ukraynanın paytaxtı Kiyevdə tanınmış azərbaycanlı iş adamlarından biri olub. O dövrlərdə Elçin Əliyevin biznesinin əks-sədası Bakıya qədər gəlib çatırdı. Ətrafında sonradan Azərbaycan hakimiyyətində müxtəlif postlar tutan xeyli şəxs vardı. O dövrdə onun özünün də nazir və ya bu posta bərabər vəzifəyə təyinat ala biləcəyi xəbərləri dolaşırdı.  Amma 2001-ci ilin yayında Elçin Əliyevlə bağlı sarsıdıcı xəbər yayıldı, bir anda bütün mətbuatın diqqət mərkəzinə gəldi. İlk günlər bilinən o idi ki, tanınmış biznesmenin ürəyinə hərbi bıçaqla zərbə endirərək qətlə yetiriblər. Az sonra qətldə Rövşən Əkbərovun adı hallanmağa başladı. Sonradan isə Rövşən Əkbərovun Bakıda olması və vəzifə təyinatı alması xəbəri gəldi.

Ötən illər ərzində Elçin Əliyevin anası Səmayə Əliyeva oğlunun qətlinin açılması üçün çabalar göstərib, mətbuat konfransları keçirib, Avropa Məhkəməsinə müraciət edib. Səmayə Əliyeva oğlunun dəhşətli qətlində israrla Rövşən Əkbərovun adını çəkib, onu ittiham edib. Rövşən Əkbərovun vəzifədə olması bu ittihamların obyektiv araşdırılmasına mane olub.

Səmayə Əliyevanın redaksiyaya ünvanladığı məktubda qətllə bağlı ciddi faktlar, iddialar yer alır.

Sayt Elçin Əliyevin anası Səmayə Əliyevanın redaksiyaya ünvanladığı məktubu  təqdim edib:  “Cinayət işinin istintaqı hələ Ukrayna Respublikasında aparılarkən qəsdən adam öldürmə cinayətinin məhz Rövşən Əkbərov tərəfindən törədilməsinə dair aşağıdakı sübutların mövcudluğu barədə məlumatlı idik: 2 iyun 2001-ci ildə cənab Nazim İbrahimovun, Musaxan Əliyevin və Səməd Novruzovun (bu şəxslərin hər ikisi Ukraynada yaşayır və hadisə barədə tam məlumatlıdırlar) onlara etdiyi telefon zəngi vaxtı cinayətin Rövşən Əkbərov tərəfindən törədilməsini bildirməsinə;

Hadisəni görən Məzahir Şıxəliyevin Rövşən Əkbərovu fotoşəkil üzrə tanımasına və bu barədə Kiyev şəhərinin Şevçenko rayon müstəntiqinə verdiyi ifadəsinə;

Hadisəni görən Məzahir Şıxəliyevin həyatı üçün təhlükə yaranmasına görə qaçıb-gizlənməsinə və hazırda da bu səbəbdən Azərbaycana qayıtmaqdan çəkinməsinə;

Məzahir Şıxəliyevin hadisə vaxtı Əkbərov tərəfindən döyülərək sağlamlığının qısa müddət pozulmasına dair xəsarət alması barədə səlahiyyətli məhkəmə-tibb ekspertinin 3 saylı 6 iyun 2001-ci il tarixli rəyinə;

Oğlumuzun ölümünə səbəb olan kəsici-deşici alətlə yetirilmiş zədələrin süngü bıçaqla yetirilməsinə (bu bıçağı yalnız general Rövşən Əkbərov daimi üstündə gəzdirir) dair səlahiyyətli məhkəmə-tibb ekspertinin rəyinə;

Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin əməkdaşı kimi R.Əkbərova diplomatik toxunulmazlıq hüququna malik olmasına dair saxta sənəd verilməsinə;

Səlahiyyətli istintaq orqanlarının çağırışına baxmayaraq R.Əkbərovun Ukrayna hüdudlarını elə həmin gün tərk etməsinə şərait yaradılmasına;

Ukrayna Respublikasından daxil olan həmin cinayət işinin istintaq aidiyyətı üzrə hərbi prokurorluğa verilməsinə (bu prokurorluğun məhz hərbiçilər tərəfindən törədilən cinayətlərin istintaqı ilə məşğul olması mübahisələndirilməyən haldır);

İşin digər hallarına.

Səmayə Əliyeva qeyd edir ki, Rövşən Əkbərov övladını döyüş bölgəsində deyil, Kiyevin mərkəzində, restoranın qarşısında qətlə yetirib: – Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Rövşən Əkbərov oğlum Elçin Əliyevi dövlətə silahlı basqın və digər hallarla əlaqədar olaraq müharibə şəraitində deyil, məzuniyyətdə olub vaxt keçirdiyi Kiyev şəhərində restoranın qarşısında qətlə yetirib.

Guya istintaq gedir. 19 il istintaq gedər? Ukrayna Baş Prokurorluğunun verdiyi məlumat doğru və dürüst məlumatdır. Axı Ukrayna Baş Prokurorluğunun qərarı niyə icra olunmur? Ukraynanın Baş Prokurorluğundan bizim ünvanımıza göndərilən məlumata Ukrayna Respublikası cavabdehdir. Nəzərə alınmalıdır ki, Ukraynada istintaq aparılarkən qətl hadisəsinin məhz Rövşən Əkbərov tərəfindən törədildiyi birmənalı şəkildə təsdiq olunub. Ukrayna tərəfi cinayət işini Rövşən Əkbərovun təqsiri sübuta yetirildiyinə görə onun məsuliyyətə cəlb edilməsi üçün cavabdeh dövlətə göndərib”.