“Ruhlar şəhəri və kədər…” –

Məşhur "Ekonomist" qəzetinin azad olunmuş Ağdamdan REPORTAJI
18 Dekabr 2020 - 14:35

“The Economist” dərgisi azərbaycanlıların işğaldan azad olunmuş rayonlara, doğma evlərinə necə qayıdacağından yazıb.

“Ruhlar şəhəri və kədər. Azərbaycanlılar viran qoyulmuş evlərinə dönürlər” başlıqlı məqalədə Füzuli, Ağdam rayonlarının dağıldığı, torpağa minlərlə mina basdırıldığı qeyd edilir.

“Ürəyim sancır”

Təqaüdçü Aidə Hüseynova 19-cu əsrdə tikilmiş Ağdam məscidinin şəklini çəkir. O, yurdundan-yuvasından 1993-cü ildə didərgin düşüb. “Ürəyim sancır. Bütün bunları görmək istəmirəm”, – o deyib.

Ağdam rayonu bu il noyabrın 20-də Azərbaycana təhvil verilib.

Məqalədə deyilir ki, Qarabağ ətrafındakı rayonlar yaşanılmaz hala gətirilib, evlər buldozerlə dağıdılıb, talançılar keçmiş sakinlərin geridə buraxdığı hər şeyi daşıyıb aparıblar. Bəziləri bu şəhərlərin bərpasına 15 milyard dollar gərəkdiyini desə də Azərbaycan hökuməti hələlik, hesablama aparmayıb.

“Bakının kənarında köhnə binaların birində Füzulidən olan Kərim Əliyev dörd qohumuyla birlikdə birotaqlı mənzildə yaşayır. O deyir ki, birinci Qarabağ müharibəsində həlak olmuş qardaşını öz kəndlərində dəfn etmək üçün hələ yaşamaq istəyir”, – məqalədə deyilir.

1 milyard dollar

Prezidentin köməkçisi Hikmət Hacıyev dərgiyə deyib ki, hökumət hər il qaçqınlara 1 milyard dollar xərcləyir, “amma çoxları bunu yetərli saymır”, – “The Economist” yazır.

Təqaüdçü Hüseynova isə müharibədən qabaq erməni qonşularının olduğunu, amma indi onları görərsə söyəcəyini deyib. “Ağdamdan olan azərbaycanlı kimi onlarla yanaşı yaşamaq istəmirəm”, – qadın vurğulayıb.

Elə dərgi də azərbaycanlılarla ermənilər arasındakı nifrəti yumşaltmağın çox çətin olacağını qeyd edir.

https://www.economist.com/europe/2020/12/19/azeris-return-to-their-ruined-old-homes?utm_campaign=editorial-social&utm_medium=social-organic&utm_source=facebook&fbclid=IwAR1rW_1NHJ8vTf7OJlDAy0UergN1_A5AdTD6Q5N0Ak3FIrrzWgai9hUYVnY