Rusiyada muzdlu döyüşçülükdə ittiham olunaraq həbs edilən 74 yaşlı ABŞ vətəndaşı Stiven Habbar azadlığa buraxılıb. Bu barədə Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar zamanı məlumat verib.
Putinin sözlərinə görə, Habbar artıq Sankt-Peterburqdakı Pulkovo hava limanındadır.
Habbar 2022-ci ilin aprelində əsir götürülüb. İstintaqın versiyasına görə, o, 2022-ci ilin fevralında Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində ərazi müdafiəsi bölməsi ilə aylıq 1 000 dollar müqabilində müqavilə bağlayıb, təlim keçib və silah alıb.
2024-cü il oktyabrın 7-də Moskva Şəhər Məhkəməsi muzdlu döyüşçülük işi üzrə Habbarı Rusiya Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü hissəsi ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində 6 il 10 ay müddətinə azadlıqdan məhrum edib.
Həbsdə olduğu müddətdə onun qəddar rəftara məruz qaldığı bildirilir.
