Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının Rusiyanın enerji resurslarına qarşı məhdudiyyətləri yumşaltmaq istiqamətində atdığı addımlara baxmayaraq, Avropa İttifaqı Ukraynada münaqişə başa çatana qədər Rusiyaya qarşı enerji sanksiyalarını ləğv etmək niyyətində deyil.
“Hazırkı müzakirələrlə əlaqədar fikrimi tam aydın ifadə etmək istəyirəm: Rusiya müharibəni dayandırana qədər bu sanksiyalar qüvvədə qalacaq”, – deyə fon der Lyayen çərşənbə günü Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.
Avropa Komissiyası rəhbərinin bu açıqlamaları Vaşinqtonun Rusiyanın enerji sektoruna qarşı məhdudiyyətlərə yanaşmasını dəyişdiyi bir vaxta təsadüf edir.
Tramp administrasiyası daha əvvəl Rusiyadan dizel yanacağının tədarükünə dair sanksiya rejimini yumşaldıb və Rusiyaya qarşı bir sıra yeni məhdudiyyətlərin tətbiqini dayandırıb.
