Rusiya Dumasının nümayəndələri Azərbaycan parlamentində olublar

Mayın 16-da Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Rusiya Dövlət Dumasının sədr müavini Aleksey Qordeyev ilə görüşüb.

Adil Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu söyləyib. Bildirib ki, mayın 16-da keçirilən Milli Məclisin xüsusi iclasında dünyanın bir çox ölkələrinin parlamentlərindən və beynəlxalq parlament təşkilatlarından nümayəndələr iştirak ediblər. O, qonağın parlamentin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirakını yüksək qiymətləndirib.

Adil Əliyev qeyd edib ki, Heydər Əliyev Azərbaycan xalqı üçün mümkünsüz hesab olunan işləri görməyi bacarıb. Ulu Öndər Heydər Əliyevin əsas nailiyyətlərindən birinin yürütdüyü müdrik xarici siyasət olduğunu deyən Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, Ümummilli Liderin möhkəm bünövrələr üzərində qurduğu bu siyasət bu gün də öz bəhrəsini verməkdədir. O vurğulayıb ki, məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub, əlaqələrimiz mehriban qonşuluq, dostluq və tərəfdaşlıq istiqamətində inkişaf etməyə başlayıb.

Diqqətə çatdırılıb ki, bu gün Prezident İlham Əliyev də həmin siyasi xəttə sadiq qalaraq ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasına öz töhfələrini verməkdə davam edir.

Rusiya Dövlət Dumasının sədr müavini Aleksey Qordeyev öz növbəsində Ulu Öndər Heydər Əliyev fenomenini hörmət və ehtiramla yad edərək, onun böyük siyasi xadim olduğunu vurğulayıb.

Söhbət zamanı iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və digər mövzularda fikir mübadiləsi aparılıb.

Əvvəlki məqalə

Qənaət etmək üçün 3 prezident eyni təyyarədə uçdu

Sonrakı məqalə

Rusiya və Belarus idmançılarının Avropa Oyunlarında iştirakına icazə verilməyib