Rusiya ilə əməkdaşlıqdan imtina edən Xerson şəhərinin meri həbs edilib

Ukraynanın Xerson şəhərini işğal edən Rusiya rəsmiləri əməkdaşlıqdan imtina edən mer İqor Kolıxayevi həbs edib.

Kolıxayevin müşaviri Qalina Lyaşevska Facebook-da yazıb ki, Rusiya Milli Qvardiyasının əməkdaşları iyunun 28-də meriyada axtarış apararaq onu saxlayıblar.

Lyaşevskanın sözlərinə görə, Kolıxayev çox güman ki, işğalçı Rusiya hakimiyyəti ilə əməkdaşlıqdan açıq şəkildə imtina etdiyi üçün həbs edilib.

Xerson vilayətinin qubernatoru Qennadi Lahuta da Kolıxayevin saxlandığını təsdiqləyib. Məsələ ilə əlaqədar əlavə məlumat verməyib.

Martın əvvəlində rus qoşunları Xerson şəhərini ələ keçirdikdən sonra Kolıxayev orada qalıb və işğalçı qüvvələrlə əməkdaşlıqdan imtina edərək mer kimi fəaliyyətini davam etdirib.

Rusiya aprelin sonunda ələ keçirdiyi şəhər və vilayyət ərazilərində özünün hərbi-mülki administrasiyalarının rəhbərlərini təyin edib.

Ukrayna mətbuatı iyunun 28-də bildirib ki, işğalçı Rusiya qüvvələri ötən həftə Ukraynanın Zaporijjya vilayətinin Enerhodar şəhərində də bir məmuru saxlayıb.

Əvvəlki məqalə

İşçiyə səhvən 500 min əvəzinə 165 milyon maaş ödənildi –

Sonrakı məqalə

ABŞ Minsk Qrupuna qadın həmsədr təyin etdi