Rusiya İran üçün ABŞ gəmilərini hədəf ala biləcək raket yaradır –FT-dən sensasion iddia

İranın inkişaf etmiş raket proqramı olsa da, indiyədək səs sürətini bir neçə dəfə aşan qanadlı raket yaratmaqda uğur qazana bilməyib.

“Financial Times”ın araşdırmasına görə, Rusiya İranın bu sahədəki boşluğunu aradan qaldırmasına kömək edir.

Nəşr yazır ki, bu əməkdaşlıq İranın Rusiyaya Ukraynaya qarşı istifadə olunan “Şahed” PUA-larını verməsi və onların istehsalının İranda qurulmasına kömək etməsindən sonra genişlənib.

“Financial Times” Rusiya və İran rəsmiləri ilə mütəxəssislər arasında yazışmaların sızmış məlumatlarına, səfər məlumatlarına və hərbi patentlərin təhlilinə əsasən bildirir ki, 2023-cü ildən etibarən Rusiyanın raket texnologiyaları üzrə aparıcı mütəxəssisləri “Rosoboroneksport”un pərdəsi altında İrana yeni silah sinfi yaratmaqda yardım edir.

Nəşr bu məxfi proqramın C430L kod adı daşıdığını yazır.

Britaniyanın Conflict Armament Research təşkilatının İran raketləri üzrə eksperti Fabian Hintz “Financial Times”a bildirib ki, söhbət İranın onilliklər ərzində əldə etməyə çalışdığı və strateji baxımdan son dərəcə əhəmiyyətli hərbi texnologiyanın Rusiyadan ötürülməsindən gedir.

Məlumata görə, Moskva vilayətinin Reutov şəhərində yerləşən raket-kosmik müəssisəsi “NPO Maşinostroyeniya”nın aparıcı mühəndisləri və “Rosoboroneksport”un nümayəndələri C430L layihəsi üzrə müqavilənin 2023-cü ilin noyabrında imzalanmasından əvvəl və sonra dəfələrlə İrana səfər ediblər.

“Financial Times”ın araşdırmasına əsasən, “NPO Maşinostroyeniya” ilə raketin təchiz edilməli olduğu birbaşa axınlı hava-reaktiv mühərrik üzərində çalışan iranlı mütəxəssislər mühərrikin sınaqları ilə bağlı məlumat mübadiləsi aparıblar.

Yazışmalardan məlum olur ki, rusiyalı mühəndislər İran konstruk­siyasındakı problemləri müəyyənləşdirməyə və onların aradan qaldırılmasına kömək etməyə çalışıblar.

Məsələn, hava-reaktiv mühərrik sistemlərinin hazırlanması ilə məşğul olan Aleksandr Çebakov 2023-cü ildə üç dəfə İranda olub. “Financial Times”ın təhlil etdiyi Rusiya patentləri onun qanadlı raketlər üçün səsdən sürətli birbaşa axınlı mühərriklər üzrə mütəxəssis olduğunu göstərib.

2025-ci ilin aprelində “Rosoboroneksport” C430L layihəsi çərçivəsində texniki məsləhətləşmələr aparmaq üçün İrana 20-dən çox mütəxəssisdən ibarət nümayəndə heyətinin göndərilməsini təklif edib.

Layihədə nəzərdə tutulan mühərrik qanadlı raketə səs sürətindən bir neçə dəfə yüksək sürətlə uçuşu davam etdirməyə imkan verir. Raketin aşağı hündürlükdə uçması isə onun aşkarlanması və məhv edilməsi üçün ayrılan vaxtı azalda bilər.

Mütəxəssislər hesab edirlər ki, bu xüsusiyyət xüsusilə Fars körfəzində İran üçün əhəmiyyətlidir. Çünki ABŞ və müttəfiqləri bölgədə müasir quru və dəniz hava hücumundan müdafiə sistemlərindən istifadə edirlər.

İranın belə yeni strateji silah sisteminə sahib olması ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün ciddi təhlükə yarada bilər. Bunu əvvəllər İran üzrə ixtisaslaşmış CIA hərbi analitiki, hazırda Ceyms Martin adına Nüvə Silahlarının Yayılmaması Araşdırmaları Mərkəzində çalışan Cim Ləmson bildirib.

“Financial Times”ın məlumatları göstərir ki, Rusiya-İran hərbi-texniki əməkdaşlığı yalnız PUA texnologiyaları ilə məhdudlaşmaya və daha mürəkkəb raket sistemlərini də əhatə edə bilər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.