Rusiya nefti ABŞ və Avropaya necə yol tapır?- Moskva sanksiyalarından belə yayınır

Rusiya Misirin Aralıq dənizi sahilindəki “Əl Hamra” terminalından istifadə ilə neft ixrac edərək Qərbin sanksiyalarından yan keçir.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin məlumatına görə, iyulun 24-də səhər saatlarında “Crested” tankeri ilə təxminən 700 min barel Rusiya nefti “Əl-Hamra”ya çatdırılıb. Bir neçə saat sonra “Chris” tankeri limandan neft yükünü götürüb.

“Bloomberg” yazır ki, “Chris” tankeri hazırda Misirdə “Ras Şuheyr” neft terminalında dayanıb. Bu terminal həm də Rusiya neftini Misir nefti ilə qarışdırmağa imkan verir: “Rusiya neft tədarükləri daha çox gizlədilir, çünki avropalı alıcılar Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ondan yayınırdılar”.

Bir müddət əvvəl “The Wall Street Journal” neft treyderlərinin Rusiya neftinin ABŞ-a tədarükünə qoyulan qadağadan yan keçməyin yollarını tapdığını yazmışdı: “Onlar, məsələn, Rusiya xam neftinin benzin, dizel yanacağı və ya digər təmizlənmiş məhsullarda istifadə olunduğunu gizlədirlər. Qismən Rusiya neftindən hasil edilən yanacaq yükü may ayında dəniz yolu ilə Nyu-York və Nyu-Cersiyə gəlib. Rusiya neftinin əsas alıcıları olan Hindistandakı neftayırma zavodlarından Süveyş kanalı və Atlantik okeanı vasitəsilə ABŞ-a gətirilib”.

O da qeyd olunur ki, Rusiyada hasil edilən neft də Aralıq və Qara dənizlərdə və Qərbi Afrika sahillərində gəmilərə vurulur, sonra isə fərqli mənşəli göstərici ilə təkcə Çin və Hindistana deyil, həm də Avropa ölkələrinə çatdırılır.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden martın 8-də Rusiyanın Ukraynaya təcavüzündən az sonra Rusiyadan neft və qaz idxalına qadağa qoyulduğunu açıqlayıb. İyunun 3-də Avropa İttifaqı elan edib ki, Rusiya neftinə qismən embarqonun qoyulması altıncı sanksiyalar paketinin bir hissəsi kimi razılaşdırılıb.

Sanksiyalar paketinə Böyük Britaniya tərəfindən dəstəklənən Rusiya neftinin dəniz daşımalarının sığortasına qadağa daxil edilib. Lakin qlobal enerji böhranı qorxusuna görə onun tətbiqinin təxirə salınması qərara alınıb.

Sanksiyalar fonunda Hindistan və Çin Rusiya neftinin idxalını artırıb. Neft onlara ciddi endirimlə verilir.

Azpost.info

 

Əvvəlki məqalə

Mətbuat Şurası Araz Zeynalovun vəfatı ilə bağlı nekroloq yayıb

Sonrakı məqalə

Ordumuz “Qisas” əməliyyatı ilə silahlı separatçıları əsir götürdü