Rusiya Niderland gəmisinə hucum edib, qırıcılar gəmini qovub –

Qara dənizdə daha bir qalmaqal (FOTO)
01 İyul 2021 - 09:01

Rusiya hərbçiləri Qara dənizdə Niderland gəmisinə hücumun imitasiyasını ediblər.

İnsident iyunun 24-də, ilhaq edilmiş Krım yarımadası sahillərinin yaxınlığında baş verib.

Xəbər verilir ki, Rusiyanın raket və mərmilərlə silahlanmış qırıcı və bombardmançı təyyarələri beş saat ərzində fasiləsiz olaraq Evertson freqatının yaxınlığında təhlükəli uçuşlar həyata keçiriblər.

Niderland krallığının verdiyi məlumatda deyilir ki, bundan sonra Evertson gəmisinin elektron avadanlığı sıradan çıxıb. Niderlandın müdafiə naziri Ank Beyleveld Rusiya hərbçilərinin hərəkətlərini “məsuliyyətsiz” adlandırıb.

Nazirin sözlərinə görə, bu insident “aqressiv hərəkət” kimi qiymətləndirilməlidir. Bilirilib ki, bu insidenti Moskva ilə diplomatik səviyyədə müzakirə edəcək. Nazir deyib ki, imitasiya neytral sularda keçirilib və gəmi həmin ərazidə tamamilə legitim əsaslarla üzürdü.

Lakin Rusiyanın Müdafiə Nazirliyi iddia edib ki, hərbi gəmi kursunu dəyişərək Kerç boğazı istiqamətində hərəkət edib.

Moskva iddia edir ki, dənizin bu hissəsi beynəlxalq hüquqa və Rusiyanın imzaladığı razılaşmalara əsasən Rusiya və Ukraynanın ərazi suları sayılır və Krımın ilhaqından sonra de fakto Rusiyanın nəzarətindədir.

Rusiya MN sözü gedən uçuşların gəmidən təhlükəsiz məsafədə keçirildiyində israr edir.