Milyarder İqor Makarov da Rusiya pasportundan imtina edib.
Azpost.info xəbər verir ki, bu barədə “Forbes” yazıb.
O, Ukraynada müharibə başlayandan sonra Rusiya vətəndaşlığından imtina edən altıncı milyarder oldu.
2013-cü ildə qaz aktivlərini “Rosneft”ə satan Makarovun hazırda 2008-2012-ci illərdə investisiyalar müqabilində aldığı Kipr pasportu var. Son illərdə iş adamı üç fərqli ölkədə – Kiprdə, ABŞ-da və İtaliyanın şimalında yaşayır.
“Forbes”in məlumatına görə, milyarderin 2,2 milyard dollar sərvəti var. Ukraynada müharibə başlayandan sonra Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya iş adamına qarşı sanksiyalar tətbiq edib.
Makarov genişmiqyaslı işğalın başlanmasından bəri Rusiya pasportundan imtina edən altıncı milyarderdir. Siyahıda “Freedom Finance” investisiya şirkətinin təsisçisi Timur Turlov, DST Global fond qrupunun təsisçisi və “Mail.Ru Group”un keçmiş həmtəsisçisi Yuri Milner, “Revolut”un təsisçisi Nikolay Storonski, “Troyka Dialoq”un təsisçisi Ruben Vardanyan və “Tinkoff Bank”ın təsisçi Oleq Tinkov da var.
“2014-cü ildə Rusiya Krımı ilhaq etdikdən sonra mən və ailəm Rusiyanı həmişəlik tərk etdik. Və bu yay biz rəsmi olaraq Rusiya vətəndaşlığından çıxmaq prosesini başa çatdırdıq”, – Milner bildirib.
“Rusiya vətəndaşlığından çıxmaq qərarına gəldim. Mən sülhsevər qonşu ilə müharibəyə başlayan faşist ölkəsinə bağlı ola bilmərəm və istəmirəm”, – Tinkov deyib. O qeyd edib ki, o, “Putinin Rusiyası”na nifrət edir, lakin bu sərsəm müharibəyə qəti şəkildə qarşı çıxan bütün rusları sevir.
Daha bir milyarder – “Coalco” şirkətinin sahibi Vasili Anisimov 2022-ci ildə Xorvatiya vətəndaşlığını alıb. “Forbes” yazır ki, o, bu barədə sentyabrın 28-də Britaniya hakimiyyətinə məlumat verib, çünki onun “Degelov UK” şirkəti bu ölkədə fəaliyyət göstərir. Eyni zamanda, Anisovun Rusiya vətəndaşlığından imtina edib-etmədiyi də məlum deyil. İş adamının Britaniya Şirkətlər Evinə təqdim etdiyi sənədlərdən məlum olur ki, o İsveçrəyə köçüb.
Azpost.info