Əfqanıstan ərazisinə nəzarət edən “Taliban” hərəkatı Rusiya ilə iqtisadi müqavilə bağlayıb. İlkin razılaşmaya benzin, dizel yanacağı, qaz və buğdanın ixracı daxildir.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Əfqanıstanın ticarət və sənaye naziri Hacı Nuruddin Əzizinin sözlərinə görə, Rusiya endirim təklif etdiyi üçün qiymətlər aşağı olacaq.
Nazir bildirib ki, Rusiya Əfqanıstana hər il təxminən 1 milyon ton benzin, 1 milyon ton dizel yanacağı, 500 min ton mayeləşdirilmiş neft qazı və 2 milyon ton buğda satacaq. O, qiymətlər və ödəniş üsulları barədə məlumat verməyib.
“Reuters” yazır ki, sazişin müddəti müəyyən edilməyib. Lakin sınaq müddətindən sonra ölkələr uzunmüddətli müqavilə imzalaya bilərlər.
Nazir onu da bildirib ki, hazırda İran və Türkmənistan Əfqanıstana qaz və neft tədarük edir.
Azpost.info
