Rusiya XİN MHP lideri Bahçelinin açıqlamalarına münasibət bildirib

14 Fevral 2020 - 01:12

“Türkiyə Böyük Millət Məclisinin iclasında Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçəlinin açıqlamalarını çaşqınlıqla qəbul etdik”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Devlet Bahçeli Suriya Ərəb Respublikasında türk hərbçilərin həlak olmasının məsuliyyətini Rusiya və Suriya hökumətinin üzərinə qoymağa cəhd edib, ölkə rəhbərliyini Rusiya-Türkiyə münasibətlərini köklü olaraq yenidən nəzərdən keçirməyə çağırıb.

Hesab edirik ki, Suriyanın şimal-qərbindəki gərgin vəziyyət şəraitində təmkinli olmalı, eyni zamanda Suriya münaqişəsinin nizamlanması məsələsində ölkələrimizin konstruktiv dialoquna heç də kömək etməyən təxribatçı şərhlərdən çəkinmək lazımdır. Faciəvi hadisələrdən istifadə edərək daxili siyasi polemikada xal yığmağa cəhdləri yolverilməz hesab edirik.

Astana formatı çərçivəsində rəsmi Ankara ilə sıx təmasdayıq, İdlibdəki vəziyyəti sabitləşdirmək məqsədi ilə 17 sentyabr 2018-ci il tarixli Soçi Memorandumunun hərtərəfli həyata keçirilməsinin tərəfdarıyıq”, – deyə Rusiya XİN-in bəyanatında qeyd olunub.