Rusiyada son günlər Azərbaycana və azərbaycanlılara qarşı növbəti təzyiq dalğasının müşahidə olunduğu bildirilir.
Bu barədə “Mədəni və Etnik Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri, ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynli açıqlama yayıb.
O bildirib ki, iki ölkə arasında əlaqələrin və ictimai münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfinin atdığı konstruktiv addımlara baxmayaraq, son günlər Rusiyada antiazərbaycan xarakterli çıxışlar yenidən intensivləşib.
“Azərbaycanı hədəf alan sistematik çıxışlar yayılır”
Seyfəddin Hüseynlinin sözlərinə görə, Rusiya media platformalarında Azərbaycanı hədəf alan çıxışlar, rəsmi Bakının müstəqil siyasi xəttinə qarşı ittihamlar və təhdidlər səsləndirilir.
Onun fikrincə, Rusiyada Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirilən təzyiqlərin ən kobud təzahürləri yenə də həmin ölkədə yaşayan diaspor nümayəndələrinə qarşı müşahidə olunur. “Rusiya hökumət orqanları, xüsusən də güc strukturları oradakı həmvətənlərimizin artıq çoxdan – bəzilərinin 30-40 ildən bəri – Rusiya vətəndaşı olmalarını da nəzərə almadan onlara qarşı ən ağlasığmaz repressiya üsullarına, əsassız sıxışdırmalara, qanunsuz həbs və işgəncələrə, hətta amansız qətllərə əl atırlar”, – açıqlamada deyilir.
Hüseynli hesab edir ki, bu cür hallar sivil normalara, insan hüquqlarına və hüquqi dövlət prinsiplərinə ziddir.
“Ən ağır hadisələr Ural Federal Dairəsində baş verir”
Açıqlamada qeyd olunur ki, son dövrlərdə azərbaycanlılara qarşı ən ağır hadisələrdən bəziləri Ural Federal Dairəsində yaşanır. Seyfəddin Hüseynli xüsusilə 2025-ci il iyunun 27-də Yekaterinburqda Səfərov qardaşlarına qarşı keçirilən əməliyyatı xatırladıb.
Onun sözlərinə görə, 30 ildən artıq Rusiyada yaşayan qardaşları Hüseyn və Ziyəddin Səfərovlar evlərində, ailələrinin gözü qarşısında saxlanılaraq ağır zorakılığa məruz qalıblar və daha sonra həyatlarını itiriblər.
Açıqlamada bildirilib ki, hadisədən sonra Seyfəddin Hüseynlinin qardaşı Bakir Səfərov da daxil olmaqla bir sıra azərbaycanlı barəsində cinayət təqibi başlanıb.
Hüseynli həmin şəxslərin məhkəmə və istintaq proseslərində hüquqlarının pozulduğunu iddia edib.
Onun sözlərinə görə, bəzi azərbaycanlılar yaşadıqları şəhərlərdən minlərlə kilometr uzaqda yerləşən həbsxanalara, o cümlədən Sibirin ucqar bölgələrinə göndəriliblər.
“Diaspor nümayəndələrinə qarşı təzyiqlər davam edir”
Seyfəddin Hüseynli açıqlamasında son günlər Rusiya ərazisində Azərbaycan diasporunun digər nümayəndələri ilə bağlı baş verən hadisələrə də toxunub.
O qeyd edib ki, Moskvada diaspor rəhbərlərindən biri olan Bəxtiyar Həsənov barəsində deportasiya qərarı çıxarıldıqdan qısa müddət sonra Permdə də azərbaycanlı diaspor nümayəndəsinin evinə güc strukturlarının basqın etdiyi barədə məlumatlar yayılıb.
Hüseynli bu hadisələrin təsadüfi deyil, daha geniş prosesin tərkib hissəsi olduğunu düşünür.
Rusiyanın güc strukturlarına çağırış
Seyfəddin Hüseynli rus xalqı ilə Rusiya hökumət orqanları və güc strukturlarının fəaliyyətini bir-birindən ayırdığını vurğulayıb.
O, rus xalqının zəngin mədəni və humanitar ənənələrə malik olduğunu qeyd edərək, Rusiyada azərbaycanlılara və digər etnik qruplara qarşı ayrı-seçkiliyə və repressiyalara son qoyulmasını tələb edib.
İctimai birlik sədri üç əsas çağırış irəli sürüb:
Rusiya Federasiyasında azərbaycanlılara və digər etnik qruplara qarşı hər cür ayrı-seçkilik və repressiyaya son qoyulmalıdır;
Müasir cəmiyyət və hüquqi dövlət prinsiplərinə zidd olan halların qarşısı qətiyyətlə alınmalıdır;
Əsassız həbs edildiyi bildirilən azərbaycanlılar, o cümlədən onun qardaşı və digər yaxınları azadlığa buraxılmalıdır.
Seyfəddin Hüseynli bildirib ki, azərbaycanlılara qarşı hüquq pozuntuları ilə bağlı iddiaların müstəqil və obyektiv şəkildə araşdırılması vacibdir.
Açıqlamanın müəllifi Rusiyada azərbaycanlılara və digər xalqların nümayəndələrinə qarşı ayrı-seçkiliyin dayandırılmasını, insan hüquqları və hüquqi dövlət prinsiplərinin təmin olunmasını tələb edib.