Rusiyada şəhər xəstəxanasında oksigenin kəsilməsi nəticəsində 9 nəfər ölüb

10 Avqust 2021 - 00:30

Rusiyanın Vladikavkaz şəhərinin Klinik Təcili Yardım Xəstəxanasında oksigen sistemində yaranmış nasazlıq səbəbidən 9 nəfər ölüb.

RİA Novosti” xəbər verir ki, bu barədə bölgə rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, xəstəxananın reanimasiya şöbəsində ümumilikdə 71 xəstə olub.

“Oksigen stansiyasında qəza olub, oksigen tədarükündə fasilələr yaranıb. Faktiki olaraq yeraltı olan ehtiyatdan qidalanan oksigen borusu qırılıb və oksigen təminatı dayanıb”, – Şimali Osetiya-Alaniya Respublikası rəhbərinin vəzifəsini müvəqqəti icra edən Sergey Menyaylo belə deyib.

O qeyd edib ki, sabahdan etibarən respublikanın bütün xəstəxanalarında oksigen ehtiyatı təmin ediləcək. Xəstəxanada oksigen sistemindəki nasazlıq yerli vaxtla saat 18:00 radələrində müəyyən edilib. Qaz ehtiyat silindrlərdən verilməyə başlanılıb.

Şimali Osetiya Səhiyyə Nazirliyindən bildirilib ki, ölən xəstələrin vəziyyəti ağır olub.