ABŞ Avropa İtiifaqına əsas neft ixracatçısı kimi Rusiyanı əvəz edib.
Azpost.info xəbər verir ki, bunu “Eurostat”ın açıqladığı rəqəmlər ortaya qoyub.
Rəqəmlərdən məlum olur ki, dekabr ayında Aİ-nin neft idxalının 18 faizi ABŞ-ın payına düşüb. Bu yaxınlara qədər Avropanın ən böyük neft tədarükçüsü olan Rusiyanın payı ötən ilin dekabrında 31 faizdən 4 faizə düşüb. Bir il əvvəl ABŞ-ın payı 13 faiz idi.
Aİ ölkələrinə ikinci ən böyük neft tədarükçüsü Norveç olub. Neft tədarükünün 17 faizi bu ölkənin payına düşüb.
Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsi bir çox Avropa ölkələrini Rusiyadan enerji resurslarının (neft, təbii qaz və kömür) idxalını azaltmağa məcbur etdi. Dekabr ayında Avropa İttifaqı tankerlərlə daşınan Rusiya neftinin idxalına qadağa qoyub və Rusiyadan ixrac edilən neftin qiymətlərinə tavan müəyyən edib. Hazırda Rusiya nefinin bir bareli 60 dollardır.
Aİ Rusiya təbii qazının idxalını da kəskin şəkildə azaldıb. İdxal 31 faizdən 19 faizə düşüb. Avropa İttifaqının əsas qaz tədarükçüsü kimi Rusiyanın yerini Norveç tutub. Aİ ölkələrinin istehlak etdiyi qazın 31 faizi hazırda Norveçdən idxal edilir.
ABŞ təbii qazın ikinci ən böyük ixracatçısı olub. Aİ-nin təbii qaz idxalının 20 faizi onun payına düşür.
“2022-ci ilin sonunda ABŞ, Norveç və Qazaxıstan Aİ ölkələrinə ən böyük neft tədarükçüləri olub. Bununla da Aİ neft bazarında dəyişən situasiyaya uyğunlaşmaq və praktiki olaraq Rusiya neftindən asılılıqdan xilas olmaq qabiliyyətini nümayiş etdirib”, – “Eurostat”ın açıqlamasında deyilir.
Azpost.info
