Rusiya dövlət telekanalında Azərbaycana qarşı növbəti təxribat yaşanıb. Belə ki, “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində ölkəmizə qarşı təhdidlər səsləndirilib.
Rusiya-Ukrayna müharibəsinin şərh olunduğu proqramda mövzu birdən-birə Qarabağda baş verən son hadisələrə keçid edilib. Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakının neft mədənlərinə zərbə endirməyi təklif edib.
Bu sərsəm təklif Rusiyanın ideoloji ruporu olan “Rossiya24”-ün “60 minut” efirindən səslənib və studiyada nə aparıcı Skabayeva, nə də digər şəxslər heç bir etiraz bildirməyiblər. Verilişdə Azərbaycanın ünvanına sərt mesajlar səslənib və Azərbaycan ordusunun son dislokasiya dəqiqləşdirmələrinə etiraz ifadə edilib.
“Azərbaycanlılar həqiqətən atəşkəsi pozub. Bizimkilər bildirdilər ki, Azərbaycan tutduğu mövqelərdən geri çəkilib. Lakin Azərbaycan rəsmən elan etdi ki, heç yerə çəkilməyiblər. Baxın, ABŞ-ın sattelitləri, indiki halda Türkiyə tərəfindən həyata keçirilən aqressiya və “Türkiyənin proksisi”, hansı ki, biz dövlət adlandırırıq bu gün real təhlükədir. Əgər biz buna görə Azərbaycanı birmənalı şəkildə sərt cəzalandırmasaq… Bizə Azərbaycanın neft-qaz sənayesi niyə lazımdır? Lazım deyil. Əgər insanlar söz başa düşmürsə, onda konkret əməllə başa salmaq lazımdır. Əgər bunu etməsək, o zaman biz olmayacağıq, başa düşürsünüz?! İndi məsələ ancaq bu cür qoyulmalıdır”, – deyə həddini aşan deputat bildirib.
Delyaqin daha sonra Tvitterdə “Bakıya nüvə zərbəsi endirək?” sualı ilə sorğu da təşkil edib.
Delyaqin Dumanın iqtisadi siyasət komitəsinin sədr müavinidir. Putinin fərmanı ilə Rusiya Təhlükəsizlik Şurası yanında Elmi Şuranın üzvü təyin edilib. 2-ci dərəsəli həqiqi dövlət müşaviridir. İqtisad elmləri doktorudur.
“Spravedlivaya Rossiya-Ədalətli Rusiya” Partiyasının üzvü, partiyanın Dumada fraksiya rəhbəri Mironovun müşaviridir.
https://www.youtube.com/watch?v=NyyYj__F0Ko