Rusiyanın Azərbaycanda tikdiyi dərman zavodu bu il açılacaq

09 Avqust 2021 - 15:42

Rusiya biznesi Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır.

Bunu Trend-ə Rusiyanın Sənaye və Ticarət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan yaxın illərdə vacib və ambisiyalı layihələr reallaşdırmaq niyyətindədir və Rusiya bu layihələrdə iştirak etməyə hazırdır:

“Bu istiqamətdə Rusiyanın mal ve texnologiya tədarükü, infrastruktur inkişafı sahəsində xidmətlərin göstərilməsi, sənaye və mülki tikinti, nəqliyyat dəhlizlərinin təşkili üzrə təklifləri formalaşdırılır. 2021-2023-cü illər üzrə Rusiya ilə Azərbaycan arasında xarici ticarət əlaqələrinin inkişafı üzrə fəaliyyət planına əsasən, prioritet sektorlara maşınqayırma, əczaçılıq sənayesi, qida sənayesi, meşə sənayesi kompleksi, tikinti materialları, rəqəmsal texnologiyalar daxildir. Azərbaycanda uzunmüddətli əsasda əhəmiyyətli sayda Rusiya şirkəti, iri müəssisələr, yerli vergiödəyiciləri və işəgötürənlər (məsələn, LUKOYL, KDV, VTB bankı) işləyir”.

Nazirlikdən bildiriblər ki, bu il Pirallahı sənaye parkında “R-Farm” zavodununun tikintisini başa çatdırmaq, Azərbaycanda irimiqyaslı dərman istehsalını işə salmaq planlaşdırılır: “Texnologiyaların transferi sayəsində yeni müəssisə onkoloji, hematoloji, autoimmun və endokrin xəstəklərin terapiyası, İİV/QİÇS, müxtlif tipli virus hepatitinin müalicəsi üçün müasir yüksək effektiv dərman vasitəslərinin istehsalı mümkün olacaq”

Əlavə olunub ki, Azərbaycanın əczaçılıq bazarı rusiyalı istehsalçılar üçün cəlbedici hesab olunur.