Rusiyanın “Memorial” təşkilatının Nobel mükafatı almış rəhbəri dindirilib

Moskvada likvidasiya olunmuş Memorial İnsan Haqları Mərkəzinin rəhbərinə qarşı təhqiqat başlanıb. Oleq Orlovun Ukraynanı işğal etməkdə olan Rusiya qüvvələrini nüfuzdan saldığı iddia olunur.

Məlumatı qrup martın 21-də yayıb.

Memorial-ın məlumatına görə, Orlovun evində polis axtarış aparandan sonra o, dindirilmək üçün saxlanıb. Dindirilmədən sonra buraxılsa da, Moskvanı tərk etməmək tapşırılıb.

Orlova ittiham verilib-verilməyəcəyi bəlli deyil.

Dünən polis Memorial-ın azı 10 əməkdaşının evində başqa bir cinayət işi çərçivəsində axtarış aparıb. Polisin məlumatına görə, axtarışlar martın 3-də açılmış “nasizmin reabilitasiyası” işilə əlaqədar olub.

Polis həmin işin “Rusiya Veteranları” təşkilatının Memorial-ı ittiham etməsindən sonra açıldığını bildirib. Təşkilat iddia edir ki, Memorial-ın İosif Stalin repressiyası qurbanları siyahısına saldığı 20 nəfər sovet rejimi tərəfindən 1940-cı illərdə işğalçı nasist qüvvələri ilə əməkdaşlığa görə təqib olunub.

Axtarışlardan sonra Memorial əməkdaşları da iş üzrə şahid qismində dindirilmək üçün saxlanılıblar.

Fəalların dediyinə görə, Memorial-ın 64-yaşlı aparıcı üzvü Yan Raçinski dindirilmədən öncə bir neçə saat polis maşınında saxlanıb.

Memorial İnsan Haqları Mərkəzi 2021-ci il dekabrın sonunda Moskva məhkəməsinin qərarıyla bağlanıb. Prokurorlar ölkənin ən tanınmış insan haqları təşkilatlarından birini “xarici agentlər” qanununu pozmaqda ittiham edib.

Həmin vaxt Ali Məhkəmə paralel açılmış iş üzrə qərar çıxarıb ki, bir sıra regional filiallar və Memorial Mərkəzinin çətir təşkilatı olan “Memorial International” eyni ittihamla qapadılsın.

Memorial və tərəfdarları Rusiya hakimiyyətinin bu addımını siyasi motivli adlandırıblar.

Ötən il Memorial həbsdə olan belaruslu dissident Ales Byalyatski və Ukraynanın Mülki Azadlıqlar Mərkəzi ilə birlikdə Nobel Sülh Mükafatına layiq görülüb.

Əvvəlki məqalə

Blinkenin zəngləri –

Sonrakı məqalə

Lənkəranda evdə ölmüş qadının skleti tapılıb