Avropa İttifaqı (Aİ) Rusiyaya silah satışına görə İrana qarşı yeni sanksiyalar paketi hazırlayıb.
Azpost.info xəbər verir ki, bu barədə “Politico” rəsmilərə və diplomatlara istinadən yazıb.
Sanksiya paketinin ya günün sonuna qədər, ya da Aİ liderlərinin sabah başlayacaq sammiti zamanı razılaşdırılacağı bildirilir. Məlumata görə, 5 fiziki və 3 hüquqi şəxsə sanksiyalar tətbiq oluna bilər.
Diplomatlardan birinin sözlərinə görə, yeni sanksiyalar paketi Tehrana “güclü siqnal” kimi düşünülüb. Digər yüksək rütbəli məmur isə bildirib ki, İranın artıq ciddi sanksiyalar altında olduğunu nəzərə alsaq, fərdi sanksiyalar iqtisadi sanksiyalardan daha təsirli ola bilər.
Qeyd edək ki, ABŞ, Fransa və Britaniya BMT Təhlükəsizlik Şurasında İran pilotsuz təyyarələrinin Rusiyaya verilməsi ilə bağlı müzakirələrin aparılmasını təklif edib. İran PUA-larının Rusiyaya verilməsi, eləcə də bu dronların Ukraynada istifadəsi ilə bağlı bu gün keçiriləcək müzakirənin bağlı qapılar arxasında olacağı bildirilir.
Azpost.info