“Ruslar Qarabağı tərk edəndən sonra Ermənistan sülh sazişini imzalayacaq” –

Ukraynalı ekspert
15 Noyabr 2021 - 21:13

“Rusiya sülhməramlı qüvvələrinin Qarabağda sülh yaratmaq niyyəti yoxdur və onlar yalnız regionda Rusiyanın geostrateji təsirinin gücləndirilməsinə xidmət edirlər”.

Azpost.info bildirir ki, bu sözləri EDNews.net-ə açıqlamasında Kiyev Mohylo Akademiyası Milli Universitetinin Siyasi Elmlər kafedrasının professoru və post-sovet tədqiqatları üzrə ekspert Taraz Kuzio deyib.

“Rusiya sülhməramlıları heç vaxt sülh yaratma missiyasına xidmət etməyiblər. Onlar yalnız Rusiyanın  Avrasiyada təsirinin gücləndirilməsini təmin edən bazalardır. Rusiya sülhməramlıları 1991-ci ildən bəri Avrasiyada heç bir münaqişəni həll etməyiblər. Ona görə ki, Kremlin özü bu münaqişələri yaradıb və bu münaqişələrin həll edilməsini bilərəkdən ləngidir. Ermənistan Rusiya sülhməramlılarından sui-istifadə edir. Ermənistan bununla çalışır ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını təxirə salsın və Qarabağ ermənilərini Azərbaycanın bir parçası olmadığına inandırsın”, – deyə  Kuzio bildirib.

“Rusiya sülhməramlı qüvvələri son beş ildə Ermənistan və Azərbaycan arasında sülh yaratmaq və bu prosesi yekunlaşdırmaq niyyəti yoxdur.  Buna görə də Bakı 2025-ci ildə sülhməramlı mandatının uzadılmasına imkan verməməlidir. Belə olan təqdirdə Ermənistan reallığı qəbul edəcək”, – deyə o əlavə edib.

Şuşanın işğaldan azad edilməsindən sonra Azərbaycan ordusunun Qarabağda hərbi əməliyyatları davam etdirdiyi təqdirdə Bakının hansı fəsadlarla üzləşəcəyinə münasibət bildirən Kuzio qeyd edib ki, Rusiya heç vaxt Azərbaycanın bütün Qarabağı nəzarət altına almasına imkan verməyəcəkdi.

“Rusiyanın müdaxilə qorxusu həmişə hiss edilib. Müharibə ərzində Ermənistan bunun həyata keçməsinə çalışırdı. Əgər Azərbaycan bütün Qarabağı qaytarmağa çalışsaydı, bu, Rusiyanın müdaxiləsinə səbəb ola bilərdi”, – deyə ekspert vurğulayıb.

Rusiyanın müdaxiləsinə toxunan Kuzio həmçinin Şuşa bəyannaməsi əsasında əsası qoyulan Türkiyə-Azərbaycan müttəfiqliyinin regionda yeni geosiyasi vəziyyətin formalaşdırdığını qeyd edib.

“Şuşa bəyannaməsi üzərində əsaslan Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı çərçivəsində hər iki ölkə Rusiya və İran avantürizminə qarşı əməkdaşlığı daha da genişləndirirlər. Belə olan halda Rusiyanın müdaxiləsi ehtimalı yoxdur. Bununla bərabər, bu o deməkdir ki, Bakı qorxmadan 2025-ci ildə Rusiya sülhməramlılarının regionu tərk etmələrinə çalışmalıdır. Onu da bildirim ki, Rusiya heç vaxt Türkiyə ilə müharibə etmək fikrində ola bilməz”,- deyə  o bildirib.

“Rusiya sülhməramlıları qaldığı təqdirdə region mənfi təsirlərlə üzləşəcək və Ermənistan sülh müqaviləsi imzalamaqdan boyun qaçıracaq” ,- deyə o əlavə edib.

Bundan başqa, ekspert hesab edirdi ki, Ermənistan yalnız Rusiya sülhməramlı qüvvələri Qarabağı tərk etdikdən sonra Azərbaycanla sülh müqaviləsi imzalayacaq.

“Rusiya sülhməramlı qüvvələri regiondan geri çəkildikdən sonra Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayacaq və Qarabağ erməniləri də Azərbaycan tərkibində yaşamağa razı olacaqlar. Ermənistan Rusiyanın peyki olaraq qaldığı təqdirdə Azərbaycan enerji və hərbi güc olaraq daha da inkişaf edəcək. Cənubi Qafqazda geosiyasi konfiqurasiya daha da möhkəmlənib. Regionda bir tərəfdə Türkiyə-Azərbaycan-Pakistan, digər tərəfdə isə Rusiya-Ermənistan-İran tərəfdaşlığı mövcuddur.  Bununla bərabər, Azərbaycan İsrailin təhlükəsizlik tərəfdaşıdır”.