Şəhid mayor Anar Novruzovun ailəsi evsiz qalıb –

Mənzil problemini niyə həll etmirlər?
07 Sentyabr 2021 - 10:02
Xəbər verdiyimiz kimi, 2020-ci ilin iyul ayında Tövuz döyüşlərində şəhid olan mayor Anar Novruzovun qızı Firuzə Novruzova Xəzər Universitetinin tarix müəllimliyi fakültəsinə qəbul olub.
Moderator.az-a açıqlamasında şəhid mayorun qardaşı Sücəddin Novruzov bildirib ki, övladlarının təhsil alması Anarın ən böyük arzusu olub:
“Firuzə Xəzər Universitetinin tarix müəllimliyi fakültəsinə qəbul olub. Anar özü də istəyirdi ki, qızı öz istəyinə uyğun universitetə qəbul olsun. Firuzə də dedi ki, “atam cəbhədə tarix yazdı və mən də o tarixi şagirdlərə öyrədəcəm. Anar həmişə evə zəng vuranda uşaqlarına tapşırırdı ki, dərslərini yaxşı oxusunlar. Bütün bunların nəticəsidir ki, qızı ali məktəbə qəbul oldu”.
S.Novruzov şəhid qardaşının mənzil problemindən danışıb və hələ də ailəsinin evsiz qaldığını bildirib: 
“Anar 26 il orduda xidmət edib, amma bu günə qədər nə evi, nə də eşiyi var. Heç kəs də maraqlanmır ki, onun ailəsinin hansı problemi var. İndi qızı ali məktəbə qəbul olub. Anar həmişə uşaqlarına deyirdi ki, “Narahat olmayın, siz oxuyun, bizə Bakıda ev verəcəklər”. Müdafiə Nazirliyinə və müxtəlif dövlət orqanlarına məktub yazmışıq və onlar da bizi müxtəlif yerlərə yönləndirirlər. Bu günə kimi Anarın ailəsinə nə mənzil, nə də kirayə pulu verilib. Anarın ailəsi indi Masallıda, ata yurdumuzda yaşayır və orda da əlavə olaraq dörd nəfər yaşayır. İndi qızı ali məktəbə qəbul olub və onun ailəsinə Bakıda mənzil lazımdır. Anar şəhid olana qədər ailəsinə Sumqayıt İcra Hakimiyyəti kirayə haqqı ödəyirdi. Anar Sumqayıtda qeydiyyatda idi və o, şəhid olandan sonra İcra Hakimiyyəti bu pulu da kəsdi. Bildirirlər ki, gedin Anarın həyat yoldaşı harda qeydiyyatdadırsa, kirayə pulunu da ordan alın. Anarın yoldaşı da Masallının Şıxlar adlı ucqar kəndindəndir. Anar sırf hərbçi olduğu üçün ailəsinin problemlərini həll etməyə vaxt tapmazdı.  Bu gün Anar yoxdur, amma aidiyyatı orqanlar onun ailəsinin qayğılarıyla maraqlanmır. Firuzənin oxuduğu universitetin yataqxanası yoxdur, ona görə məcburuq ki, ona kirayə ev tutaq.
Anar şəhid olan zaman yas mərasimində millət vəkilimiz Qənirə xanım Paşayevə Masallının deputatları Məşhur Məmmədova və Elnur Allahverdiyevə dedi ki, Anarın ailəsini evlə təmin edilməsinə kömək etsinlər. Onlar da bizə dedilər ki, Polad Həşimovun və İlqar Mirzəyevin ailəsinin mənzil məsələsi həll edilib və onun yanında Anarın da ailəsinə mənzil veriləcək. Amma sonra bir xəbər çıxmadı. Yəqin ki, Qənirə xanımın bundan xəbəri yoxdur. Daha sonra dedilər ki, mənzilin açarını təqdim etmək üçün Qənirə xanımı gözləyirik. Düşünürəm ki, bəlkə bunu unudublar, elə Firuzəni təbrik etməyin və ona mənzilin açarını təqdim etməyin vaxtıdır”.