Şəhid Zülfüqarın son zəngi:

“Vətən uğrunda şəhid olacağam”
18 Dekabr 2020 - 16:18

Müharibə itkisiz olmur və azadlıq qurbanlar tələb edir. Elə buna görə də Azərbaycanın mərd oğulları torpaqlarımızın azadlığı üçün, Vətənimizin illərdir düşmən tapdağından xilas olması üçün canından keçdilər. Məhz onların canları, qanları hesabına Azərbaycanın əzəli torpaqları bərpa edildi.

Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları zamanı doğma torpaq, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər həm də öz adını xalqın tarixi yaddaşına həkk etdilər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar.

Bu gün Tovuz rayonu Qovlar qəsəbəsindən şəhid olan Abbasov Zülfüqar Bayram oğlu haqqında danışacağıq. Əsgər Z.Bayramov İkinci Qarabağ Müharibəsində bir çox həlledici döyüşlərdə iştirak edib.  Xocavənd uğrunda gedən döyüşlər onun sonuncu döyüşü olub. Zülfüqar Xocavənd rayonunun işğaldan azad olunan ərazilərinin birinə bayraq sancarkən mənfur düşmənin gülləsinə tuş gələrək həlak olub.

Abbasov Zülfüqar Bayram oğlu 24 dekabr 1995-ci ildə Gədəbəydə anadan olmuşdur. Valideynləri ilə birlikdə Tovuzun Qovlar qəsəbəsində yaşayırdı.

Vətən müharibəsi başladıqdan sonra könüllü ərizə yazmış və Gədəbəy hərbi komissarlığından döyüşə yollanmışdır.

Zülfiqar keçən ilin yay aylarında ailə həyatı qurmuşdu.

Döyüşlərdə olarkən Zülfüqarın övladı dünyaya gəlib. Təəssüflər olsun ki, Zülfiqar öz ovladını görmədən şəhid oldu.

Ailəsi son dəfə onunla noyabrın 9-da xəbər alıblar və Zülfüqar hər şeyin yaxşı olduğunu deyib.

Şəhidin qardaşı Elmar bəyin dediyinə görə, son telefon danışığıı zamanı Zülfüqar “vətən uğrunda şəhid olacam” deyirdi.

Ölümündən sonra komandiri ilə danışan ailəsi deyir ki, komandiri övladı olduğuna görə Zülfüqara hər dəfə ehtiyatlı olmağı deyirdi. Amma Zülfüqar vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına öz canından keçdi. Oğlunun bu torpaqlarda daha rahat yaşamağıı üçün canını fəda etdi.

Danışıq zamanı məlum oldu ki, şəhidin ailəsində heç kim işləmir. Şəhidin ailəsi dövlət tərəfindən onların da ailəsinə dəstək göstəriləcəyinə ümid edir.