Sərnişin axını ilə bağlı Bakı Metropoliteni əməkdaşları növbətçilik əsasında işə cəlb ediləcəklər

Noyabrın 8-9-u Zəfər və Bayraq günləri ilə əlaqədar qeyri-iş günləri hesab olunduğundan “Bakı Metropoliteni” QSC-də iş rejimi dəyişdiriləcək.

Bunu “Bakı Metropoliteni” QSC-nin rəis müavini Hidayət Məmmədov mətbuat üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, noyabrın 10-u bazar günü olsa da, qatarların hərəkət qrafiki bayram günlərində olduğu kimi tənzimlənəcək.

“Qeyd edilən 3 gün ərzində Qırmızı xəttin “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti saat 07:00-dan 21:00-dək 2,5 dəqiqə təşkil edəcək. Yaşıl və Qırmızı xətlərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətlərində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq”, – deyə rəis müavini qeyd edib.

Hidayət Məmmədovun sözlərinə görə, bayram tədbirləri və kütləvi-mədəni proqramların təşkili ilə əlaqədar metropolitendə sərnişin axınının istiqamətlərinin tez-tez dəyişməsi mümkün olduğundan, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və əməkdaşlarının növbətçilik cədvəli əsasında işə cəlb edilməsi təmin olunacaq: “Stansiyaların infrastrukturunun, həmçinin mühəndis-texniki qurğuların fəaliyyəti nəzarət altında saxlanılacaq. Ehtiyat qatarlar zəruri hallarda xətlərə buraxılmağa hazır olacaq. Bu 3 gün ərzində “Bakmil” stansiyasına qatarların hərəkəti şənbə günü cədvəlinə uyğun tənzimlənəcək”, – deyə o bildirib.

Əvvəlki məqalə

Bayram günlərində Bakı metropoliteninin iş rejimi belə olacaq

Sonrakı məqalə

Britaniya liberal demokratlarının lideri Trampın qələbəsini “qara gün” adlandırdı