Şəxsi istifadə üçün gətirilən dərmanların apteklərdə satışına yoxlamalar zamanı dəfələrlə rast gəlinib.
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli deyib. O qeyd edib ki, rəsmi yolla idxal olunan dərmanların hamısının üzərində nəzarət markası və içərisində azərbaycanca içlik vərəqəsi olur:
“Analitik Ekspertiza Mərkəzinin planlı və plandan kənar yoxlamalar zamanı bu cür hallara rast gəlindiyi halda tədbir görülür. Mərkəz hər ay apteklərdə aparılan yoxlamalarla bağlı statistikanı rəsmi saytında dərc edir”.
“Apteklərdə yoxlamalar zamanı aşkarlanan qanun pozuntuları ilə bağlı cinayət işi açılmır, İnzibati Xətalar Məcəlləsi əsasında protokol tərtib edilir. Apteklərdəki qanuna zidd halları həm planlı, həm də plandan kənar, vətəndaş şikayəti əsasında müəyyənləşdirə bilirik. Şəxsi istifadə üçün gətirilən dərman vasitələrinin satışı ilə bağlı da fakt olduqda aşkarlaya bilirik”, – deyə o qeyd edib.
Mətin Məcidli həmçinin əhaliyə müraciət edərək bildirib ki, apteklərdəki dərmanlarla bağlı şikayət və təkliflərini Analitik Ekspertiza Mərkəzinin “birpəncərə” sisteminə, “Qaynar xətt”inə və ya pharma.az saytının müraciət bölməsindən elektron şəkildə müraciət edə bilərlər:
“Əhalidən xahiş edirik ki, apteklərdəki qanuna zidd halların aşkarlanması və aradan qaldırılması üçün bizə müraciət etsinlər”.
Qeyd edək ki, Milli Məclisin 6 iyulda keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı səhiyyə nazirinin müavini bildirib ki, şəxsi istifadə üçün gətirilən dərmanlar da hamısı şəxsi məqsəd üçün gətirilmir:
“Bəzi hallarda bu, şəxsi maraq üçün gətirilir və satışı təşkil edilir. Bu, çox ciddi məsələdir. Bununla bağlı həm Gömrük Komitəsi, həm də AQTA ilə birlikdə işlər görülməlidir”.