Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin sakini, Vətən müharibəsi şəhidi Fariz Qurbanovun anası Lətafət Qurbanova mənzillə təmin olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevə müraciət edib.
Azpost.info bildirir ki, müraciətdə şəhid anası ailəsinin ağır vəziyyətdə olduğunu və təxminən 5 ildir mənzil növbəsində dayandıqlarını bildirib.
Lətafət Qurbanova müraciətində qeyd edib ki, Fariz Qurbanov onun tək və subay oğlu olub. Oğlu Vətən müharibəsində şəhid olduqdan sonra ailədə daha bir ağır itki yaşanıb. Şəhidin atası Məhəmməd Qurbanov oğlunun ölümündən sonra ağır xəstəliyə düçar olub və iki il əvvəl dünyasını dəyişib.
Şəhid anası hazırda qızı ilə yaşadığını, səhhətinin normal olmadığını və ailənin maddi imkanlarının məhdud olduğunu bildirib. “70-ə yaxın yaşım var. Xəstə adamam, normal yeriyə, hərəkət edə bilmirəm. Kaş oğlum sağ olaydı, yaşayaydı, mənə heç nə lazım deyildi”, – deyə müraciətdə qeyd olunub.
“5 ilə yaxındır ev növbəsindəyik”
Lətafət Qurbanovanın sözlərinə görə, ailə təxminən 5 ildir ev və mənzil növbəsindədir, lakin hələ də mənzillə təmin olunmayıb. Şəhid anası ətraf rayonlarda şəhid ailələrinin mənzillə təmin olunduğunu bildirərək öz ailəsinin də bu məsələdə nəzərə alınmasını istəyib.
“Bəs, biz övlad Şəhid verməmişik, mənim övladım, bizim övladımız Vətən yolunda Şəhid olmayıb? Bəlkə Şəhid deyillər, bizim xəbərimiz yoxdur?” – deyə o müraciətində yazıb.
Onun sözlərinə görə, əvvəllər mənzillə təmin olunmaları üçün 2025-ci ilin sonuna qədər gözləmələri bildirilib, daha sonra isə müddətin 2030-cu ilə qədər uzadıldığı deyilib.
“Evimiz qəsəbənin ən ucqar yerindədir”
Şəhid anası yaşadığı evin şəraitinin və yerləşdiyi ərazinin ailə üçün ciddi çətinlik yaratdığını da qeyd edib.
Onun sözlərinə görə, ailə təxminən 15 min nəfər əhalisi olan Qızılhacılı qəsəbəsinin ən ucqar hissəsində yaşayır. Yaxınlıqda yaşayış evlərinin və qonşuların az olduğunu bildirən Qurbanova xəstələndiyi zaman tibbi yardım almaqda da çətinlik çəkdiklərini deyib. “Xəstəyəm, şəkərim, yüksək qan təzyiqim var, normal yeriyə, hərəkət edə bilmirəm. Dəfələrlə koma vəziyyətinə düşmüşəm. Xəstəxanaya çatdırılmaq üçün saatlarla ambulans və ya taksi gözləmişik”, – deyə şəhid anası bildirib.
O, ailəsinin vəziyyətinin nəzərə alınaraq istisna hal kimi mənzillə təmin olunmasını xahiş edib.
“Artıq gözləməyə vaxtımız yoxdur”
Lətafət Qurbanova müraciətində Goranboy və Naftalanda mümkün olmadığı halda Gəncə, Mingəçevir, Sumqayıt və ya Bakıda mənzillə təmin olunmağa razı olduğunu bildirib.
Şəhid anası müraciətinin aidiyyəti üzrə araşdırılmasını və ailənin vəziyyətinin yerində qiymətləndirilməsini istəyib.
“Artıq gözləməyə, vədlərə aldanmağa vaxtımız, zamanımız yoxdur. İnanmaq istəyirəm ki, heç olmasa, bu müraciətimə diqqətlə, həssaslıqla nəzər yetiriləcək və nəhayət, müraciətim qısa bir zamanda öz müsbət nəticəsini verəcək”, – deyə Lətafət Qurbanova müraciətində vurğulayıb.