Rusiya Dövlət Duması əcnəbi vətəndaşların ölkədən çıxarılması (deportasiya) üçün əsasları genişləndirən qanun layihəsinə düzəlişləri qəbul edib.
Azpost.info xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Qəbul edilən düzəlişlərə əsasən, əcnəbilər cins, irq, milliyyət, dil, mənşə, əmlak və ya sosial vəziyyət, dinə münasibət, əqidə və digər əlamətlərə görə insanların hüquq və azadlıqlarını pozan ayrı-seçkilik halları törətdikdə deportasiya oluna biləcəklər.
Bundan başqa, dövlət sərhədini keçərkən hərbi qulluqçuların qanuni tələblərinə tabe olmamaq da ölkədən çıxarılma üçün əsas sayılacaq.
Deputatlar həmçinin digər düzəlişləri də təsdiqləyiblər. Yeni qaydalara əsasən, üzərindən məhkumluğu götürülməmiş və ya məhkumluğu ödənilməmiş hər hansı cinayətə görə məhkum edilmiş əcnəbilərə Rusiya vətəndaşlığının verilməsi, müvəqqəti yaşamaq icazəsi və ya daimi yaşayış icazəsinin rəsmiləşdirilməsi mümkün olmayacaq.
Qanunvericiliyə edilən dəyişikliklər Rusiyada miqrasiya siyasətinin daha da sərtləşdirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.