Səudiyyə Ərəbistanı ilk dəfə öz avtomobillərini təqdim etdi –-FOTO

Səudiyyə Ərəbistanından 1100 at gücündə elektrikli avtomobil – 2,1 saniyəyə 100 km/saat

Səudiyyə Ərəbistanının avtomobil şirkəti Ceer ilk iki modelini – elektrik sedan və qeyri-adi bucaqlı dizayna malik Exobot krossoverini təqdim edib.

Autocar yazır ki, avtomobillər “qağayı qanadı” tipli qapıları və 1100 at gücündən artıq gücə malik elektrik ötürücü sistemi ilə diqqət çəkir.

Şirkət avtomobillərin seriya istehsalına 2027-ci ilin yanvarında, ilk müştəri tədarüklərinə isə mart ayında başlamağı planlaşdırır.

Ceer 2022-ci ildə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) və Tayvanın Foxconn şirkətinin birgə müəssisəsi kimi yaradılıb. Şirkət ölkə iqtisadiyyatını şaxələndirməyə və neft sektorundan asılılığı azaltmağa yönəlmiş Vision 2030 proqramının bir hissəsidir.

Avtomobillər səhrada sınaqdan keçəcək

Ceer avtomobillərinin istehsalı Səudiyyə Ərəbistanının qərb sahilində yerləşən Kral Abdullah İqtisadi İnkişaf şəhərində həyata keçiriləcək.

Amerikanın elektrikli avtomobil istehsalçısı Lucid də PIF-ə məxsusdur və həmin ərazidə öz zavodunu tikir.

Ceer-in ilk modelləri böyük E-seqmentinə aid sedan və Exobot SUV olacaq.

Hər iki avtomobil paz formasında kuzaya, böyük şüşə tavana və 32 elementdən ibarət işıq zolaqlarına sahibdir. Bu dizayn detalı 1932-ci ildə Səudiyyə Ərəbistanının birləşdirilməsinə istinaddır.

Avtomobillərdə kuzovun mərkəzi dayaqları yoxdur. Böyük qapılar isə yuxarı doğru açılır.

Ceer şirkətinin rəhbəri Ceyms DeLuka bildirib ki, bu qeyri-adi dizayn şirkət rəhbərliyinin konstruktorlardan mövcud avtomobillərdən prinsipial şəkildə fərqlənən model yaratmağı tələb etməsindən sonra ortaya çıxıb.

1100 at gücü və 2,1 saniyə

Avtomobillərin salonunda mərkəzi sensor ekranla yanaşı, fiziki düymələr də saxlanılıb.

Digər texnologiyalar arasında “by-wire” sükan sistemi, ənənəvi dinamikləri əvəz edən xüsusi vibrasiya yayıcıları və salonun soyutma sistemi var.

Ön şüşənin üzərinə günəş istiliyini əks etdirən xüsusi gümüşü örtük çəkiləcək.

Exobot krossoveri səhrada istifadə nəzərə alınaraq hazırlanır və ciddi yolsuzluq imkanlarına malik olacaq.

Modelin ən güclü versiyaları 1100 at gücündən çox güc hasil edəcək. Avtomobilin 0-dan 100 km/saata təxminən 2,1 saniyəyə sürətlənəcəyi bildirilir.

Avtomobildə sürətli start üçün idarəetmə sistemi və idarəolunan sürüşmə rejimi də nəzərdə tutulub.

BMW və Hyundai də layihədə iştirak edir

Ceer avtomobillərin hazırlanması zamanı bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq edir.

Foxconn avtomobil platformasını və elektrik arxitekturasını hazırlayır. BMW texnoloji əməkdaşlıqda iştirak edir. Xorvatiyanın Rimac şirkəti arxa elektrik mühərrikini, Hyundai Transys isə ön mühərrikləri təchiz edəcək.

İlk avtomobillər Səudiyyə Ərəbistanında və digər Körfəz ölkələrində satılacaq.

Şirkət gələcəkdə model çeşidini daha beş avtomobillə genişləndirməyi planlaşdırır.

2027-ci ildə D-seqmentinə aid sedan, krossover və kupe-krossover modellərinin, 2028-ci ildə isə daha kompakt avtomobillərin təqdim edilməsi nəzərdə tutulur.

Sunay Aydın

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.