Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili oktyabrın 2-nə Kiyev-Tbilisi reysinə bilet aldığını bildirib.
Bu barədə o, Feysbuk səhifəsində canlı yayım zamanı məlumat verib.
Onun sözlərinə görə, ölkəsinin taleyinin həll olunduğu 2 oktyabr seçkilərində proseslərə kənardan baxa bilməzdi:
“Hamımız seçkiyə getməli, səs verməli və öz mövqeyimizi bildirməliyik. Məntəqələr bağlandıqdan sonra isə biz şəhərlərin, kəndlərin mərkəzinə çıxmalı və qələbəni birlikdə qeyd etməliyik. Gürcüstanın taleyi həll olunur, ölüm, ya olum məsələsidir. Mən proseslərə kənardan baxmayacam. Tbilisidə sizinlə olmaq və Gürcüstanın xilasında iştirak etmək üçün oktyabrın 2-nə bilet almışam”, – deyə Saakaşvili bildirib.
Qeyd edək ki, oktyabrın 2-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Gürcüstan vətəndaşları növbəti dörd il üçün 63 mer və 63 sakrebuloya (yerli məşvərətçi orqan) iki mindən çox deputat seçəcəklər.
Xatırladaq ki, hazırda Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışan M.Saakaşvilinin Gürcüstan vətəndaşlığı ləğv edilib və ona qarşı vəzifədən sui-istifadə maddəsi ilə başlanan cinayət işi üzrə həbs edilməsi barədə məhkəmə qərarı var. Gürcüstanın hakimiyyət nümayəndələri ölkəyə qayıdacağı təqdirdə sabiq prezidentin hava limanından birbaşa həbsxanaya aparılacağını bildiriblər.