Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhətində yaranan problemlərə görə azadlığa buraxılmasına dair vəsatətə baxılması təxirə salınıb.
Azpost.info xəbər verir ki, növbəti iclas dekabrın 22-də Tbilisi Şəhər Məhkəməsində keçiriləcək.
Bu barədə işə baxam hakim Giorgi Arevadze məlumat verib.
Saakaşvilinin bugünkü məhkəmə iclasına videobağlantı vasitəsilə qatılacağı gözlənilirdi. Lakin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sözçüsü Nikoloz Abramişvili “Vivamed” klinikasında müvafiq texniki vasitələrin olmadığını deyib.
Abramişvili həmçinin Penitensiar Xidmətin Saakaşvilinin ifadələri ilə tanış ola bilməsi üçün görüşün bir ay müddətinə təxirə salınmasını xahiş edib. Saakaşvilinin vəkili Şalva Xaçapuridze buna etiraz edib. Hakim də vəkili dəstəkləyərək bunun çox uzun müddət olduğunu etiraf edib.
Vəkil həmçinin 2021-ci il oktyabrın 1-dən etibarən klinikada olan müşahidə kameralarından videomaterialların təqdim edilməsini istəyib.
Xaçapuridzenin sözlərinə görə, eks-prezidentdə huşunu itirmə halları olub və müdafiə tərəfinin sübuta ehtiyacı var.
Vəkil onu da qeyd edib ki, klinikada Saakaşvilinin uzaqdan əlaqə qura bilməsi üçün bütün lazımi videoavadanlıqlar var. O, həmçinin videobağlantı vasitəsilə telekanallardan birinin sabiq prezidentin görüşdə iştirakını təmin etməyə hazır olduğunu açıqlayıb.
Azpost.info