Sabunçu rayon Məhkəməsində rüşvət aldığı üçün həbs edilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinə baxılıb.
Keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, X. Məmmədovun ərizəsi təmin edilib.
Qərardan narazı qalan Baş Prokurorluq protest verib. Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun prostesti təmin edilməyib. Sabunçu rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
İttiham aktına əsasən, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək bir sıra qanunsuz tikililərə görə dələduzluq edib və rüşvət alıb.
Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, X.Məmmədov Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X. Məmmədov 8 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun əmisi oğludur. (APA)