Sahibə Qafarova:"Parlamentin ictimai nüfuzu yüksəlib"

Heydər Əliyevin Azərbaycan parlamentinə rəhbərlik etdiyi dövr Azərbaycan parlamentarizminin ən parlaq səhifələrini təşkil edir. Xalqımızın böyük oğlunun rəhbərliyi ilə parlament ali qanunverici orqan kimi, ölkəmizin problemlərinin həlli ilə bağlı demokratik müzakirələrin keçirildiyi və siyasi mədəniyyətin hökm sürdüyü bir tribunaya çevrilib”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, parlamentin ictimai nüfuzu yüksəlib və effektiv qanunvericilik fəaliyyəti həyata keçirilib, mühüm qanunlar qəbul olunub.

Spiker bildirib ki, Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlara paralel olaraq, dövlət aparatının möhkəmləndirilməsi və yeni təsisatlarının formalaşdırılması, siyasi mühitin sağlamlaşdırılması və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, müasir və döyüş qabiliyyətli ordunun formalaşdırılması, neft strategiyasının hazırlanması, bu strategiyanın əsası olan “Əsrin müqaviləsi” sazişinin imzalanması ilə Azərbaycanın qlobal enerji bazarında və beynəlxalq münasibətlərdə aktiv iştirakının təmin olunması, yeni və praqmatik xarici siyasət strategiyasının müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi həmin dövrdə ölkəmizin qarşısında tamamilə yeni inkişaf paradiqmalarının meydana gəlməsini şərtləndirib:

“İdarəçilik sahəsində böyük təcrübəyə malik olan Heydər Əliyev həmişə xüsusi olaraq vurğulayırdı ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Baxmayaraq ki, bütün digər sahələrdə olduğu kimi, iqtisadiyyatda da ölkəmizin öncəki siyasi rəhbərliyindən çox ağır miras qalmışdı, Ulu Öndər Azərbaycanın müstəqilliyinin iqtisadi əsaslarını gücləndirmək, ölkənin iqtisadi qüdrətini artırmaq üçün ciddi islahatlara start vermişdir. Həmişə, ən çətin məqamlarda belə optimal strateji xətti düzgün müəyyənləşdirməyi bacaran Ümummilli Lider yaranmış vəziyyəti, reallıqları dəyərləndirərək qəti şəkildə bildirirdi ki, keçmiş sovet dövrünün idarəçilik metodları ilə yeni dönəmin iqtisadiyyatını qurmaq mümkün deyil, yolumuz liberal iqtisadiyyata transformasiya yolu olmalıdır. Ulu Öndərin müəyyənləşdirdiyi strateji kurs islahatlar yolu ilə müstəqil Azərbaycanın keyfiyyətcə yeni və daha funksional iqtisadiyyatının qurulmasını hədəfləyirdi.

Bu məqsədlə 100-dən çox fərman və sərəncam imzalanmış, onun təşəbbüsü əsasında parlamentdə yeni qanunlar qəbul edilib, Azərbaycan Respublikasının Konstitusiyasında da liberal iqtisadiyyata keçidi təmin etməyə hüquqi əsaslar yaradan bir sıra müddəalar öz əksini tapıb. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə respublikamızda MDB məkanında ilk dəfə olaraq geniş torpaq islahatı aparılıb, Azərbaycan vətəndaşlarının heç bir əvəz ödəmədən torpaq mülkiyyətçilərinə çevrilməsi təmin edilib. Bu addım respublikanın kənd təsərrüfatında da, sözün əsl mənasında, dönüş yaradıb. Beləliklə, dahi şəxsiyyət Heydər Əliyevin parlaq zəkası sayəsində iki əsrin və iki minilliyin kəsişməsində Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin xatirəsini anıb

Sonrakı məqalə

Azərbaycanda son sutkada 143 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər vəfat edib