“Aztəsərrüfat” MMC-yə pambıq təhvil verən Salyan fermerlərinin bir qisminə ödənişə başlanıb. Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov anews.az-a açıqlamasında bildirib.
Salyanda 200-ə yaxın fermer şirkətə təhvil verdikləri pambığın pulunu ala bilmədiklərini deyir. Fermerlər bununla bağlı sosial mediada video yayıblar.
“Özəl sektorla bir neçə görüş keçirmişik. Məsələnin həllinə yönələn addımlar atmağa çalışırıq. Həmin şirkət qarşısında tələblər qoymuşuq ki, fermerlərin ödənişləri həyata keçirilsin. Məndə olan məlumata görə, bir qisminin artıq ödənişinə başlanılıb”, – nazir deyib.
Fermerlərin sözlərinə görə, 2024–2025-ci illərdə şirkətin Salyan Aqroparkı Pambıq Qəbulu Məntəqəsi ilə müqavilə əsasında pambıq yetişdiriblər.
Məhsulu məntəqəyə təhvil versələr də, ödənişlər tam həyata keçirilməyib.
Fermerlərdən biri videomüraciətində müxtəlif dövlət qurumlarına dəfələrlə müraciət etdiklərini və 176 fermerin adından Milli Məclisə məktub göndərdiklərini lakin onlarla maraqlan kimsənin olmadığını bildirib.