Şanxay metrosu COVID-19 infeksiyasına görə tam bağlanıb

Şanxayın hakimiyyət orqanları koronavirus infeksiyası ilə mübarizə çərçivəsində şəhər metropoliteninin fəaliyyətini tam dayandırılıb.

Associated Press agentliyi xəbər verir ki, mayın 10-da Şanxay metrosunun axırıncı iki xətti bağlanıb, beləliklə bütün şəhər metropoliteni işini dayandırıb.

Şanxay metropoliteni uzunluğuna görə dünyada birinci yeri tutur – 831 kilometr. Onun 20 xətti və 508 stansiyası var. COVID-19 pandemiyası başlayana qədər metronun orta sutkalıq sərnişin axını 10 milyon nəfər təşkil edirdi.

Şəhər administrasiyası, eyni zamanda, insanlara evlərindən çıxmağı, həmçinin ən azı mayın 11-dək davam edəcək “sakitlik dövründə” vacib olmayan malların sifarişini qadağan edib. Məhdudiyyətlərin müddəti kütləvi test kampaniyasının nəticələrindən asılı olaraq uzadıla bilər.

İyirmi beş milyon nəfərin yaşadığı Şanxayda koronavirusa gündəlik yoluxma hallarının sayı 3 min nəfərə enib, bu göstərici aprel ayının ortalarında təxminən 26 min nəfər təşkil edirdi. Şəhər sakinləri artıq bir aydan çoxdur ki, tam qapanma şəraitində yaşayır.

Çin dünyada koronavirusa qarşı ən sərt tədbirlər görülən azsaylı ölkələrdən biridir. Ölkədə infeksiyaya yoluxma hallarının nəzarət altına alınması üzrə uğurlu karantin siyasəti aparıb. Belə ki, pandemiyanın əvvəlindən bu yana koronavirusa yoluxanların sayı 220 min 397 nəfər, ölənlərin sayı 5 min 191 nəfər təşkil edib. Həmçinin Çində vaksinasiya kampaniyası da uğurla həyata keçirilir. Mayın 9-na olan məlumata görə, ölkədə yaşayan 1,5 milyarda yaxın insanın 88,6 faizi koronavirus əleyhinə tam peyvənd olunub.

Qeyd edək ki, 2020-ci il mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Əvvəlki məqalə

Prezident və Birinci xanım Füzulidə təməlqoyma mərasimlərində iştirak edib

Sonrakı məqalə

Qazaxıstan Prezidenti Türkiyəyə səfər edib