Sentyabrın 21-i Beynəlxalq Sülh Günüdür

BMT-nin Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə hər il sentyabrın 21-i Beynəlxalq Sülh Günü kimi qeyd edilir. Bu qərarın qəbuluna BMT-nin üzvü olan 192 ölkə səs verib.

Beynəlxalq Sülh Günü müharibə, təbii fəlakətlərin nəticələri, aclıqdan və ayrı-ayrı dövlətlərin iddialarından meydana gələn regional qarşıdurmalardan əziyyət çəkən milyardlarla insanın ağrılarını duymaq üçün fürsətə çevrilib.

Ənənəvi olaraq Beynəlxalq Sülh Günü BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayır.

2007-ci ilin həmin günündə BMT-nin Baş katibi Pan Gi Mun “Sülh zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmaqla bir dəqiqəlik sükuta çağırıb. “Sülh bizim missiyamızdır, gündəlik axtarışlarımızın mövzusudur” deyən Baş katib dünyanı bir daha sülh uğrunda səyləri birləşdirməyə səsləyib.

Bu çağırışlar 32 ilin bütün günlərini atəş səsləri ilə qarşılayaraq yola salan Azərbaycan Respublikası və onun xalqı üçün ümid işartısı olub. Həmin müddətdə Azərbaycan xalqı ölkə ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalından nə zaman azad ediləcəyi və 1 milyondan çox insanın məcburi köçkün həyatına son qoyulacağı təsəllisi ilə yaşayıb.

Bu müddət ərzində işğalçılıq siyasətini davam etdirən Ermənistan BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 822, 853, 874, 884 nömrəli qətnamələrinin heç birinə əməl etməyib.

Buna baxmayaraq, Azərbaycan Respublikası münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində ardıcıl və mühüm addımlar atıb. Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin iradəsi ilə 1994-cü ilin mayında atəşkəs haqqında razılaşma imzalanıb. Prezident Heydər Əliyev bütün beynəlxalq təşkilatların və ali tədbirlərin ən yüksək tribunalarından Azərbaycan xalqının sülh istəyini ifadə edərək Ermənistan tərəfin başlatdığı münaqişənin danışıqlar, sülh yolu ilə aradan qaldırılmasının vacibliyini vurğulayıb. Böyük dövlət xadiminin 1996-cı il dekabr ayının 3-də ATƏT-in Lissabon sammitində elan etdiyi, bölgədə ədalətli sülhün bərqərar olunması üçün mühüm addım olan Bəyannamə təşkilata üzv olan 54 ölkə tərəfindən dəstəkləndi, lakin Ermənistanın iddialarına cavab vermədiyindən cavabsız qaldı.

Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin apardığı müdrik siyasətin ayrılmaz tərkib hissəsi olan bu dəst-xətt təcavüzkar Ermənistana qarşı sülh danışıqlarının limiti bitənədək dəyişmədi.

Prezident İlham Əliyevin Ermənistana Azərbaycan xalqının səbrinin heç də hüdudsuz olmadığını xatırlatmasına baxmayaraq, cəzasızlıq mühitinin əbədiliyinə inanan erməni Baş nazir Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə”, o zamankı müdafiə naziri David Tonoyan isə “Yeni ərazilər üçün yeni müharibə” cavabları ilə yaddaşlarda qaldı.

Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları Birgə Bəyanatla başa çatan Vətən müharibəsinin nəticələri regionda real sülhün bərqərar olması üçün fundamental əsaslar yaratdı. Bu əsaslar Azərbaycan xalqının və onun ən böyük maddi-mənəvi sərvətlərindən olan Silahlı Qüvvələrimizin və onun Ali Baş Komandanı İlham Əliyevin regionda yaratdığı yeni status-kvonu şərtləndirən amil oldu.

Azərbaycan Respublikasının dövlət siyasəti regionda əbədi sülhün bərqərar olmasına yönəlib və bu kurs ardıcıl olaraq aparılır. Bu siyasətin reallaşması üçün dövlətimizin başlıca şərti Azərbaycan XİN-in yaydığı bəyanatda bu cür ifadə edilir: “Azərbaycan ərazi bütövlüyünü bərpa edərək, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında Ermənistanla münasibətləri normallaşdırmaq əzmini dəfələrlə dilə gətirib. Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik. Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir. Ermənistanda revanşist ritorika ilə müşayiət olunan Azərbaycana qarşı nifrət ciddi narahatlıq doğurur. Ermənistandakı hakim və müxalif siyasi xadimləri birləşdirən antiazərbaycan nifrət nitqi kövrək normallaşma prosesini risk altına alır”. Həmin riskin nə ilə nəticələnəcəyini isə indi Ermənistanda yaxşı anlayırlar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın da fəaliyyəti dünyada sülhün qorunmasına, həmçinin münaqişə ocaqlarında sülhün bərqərar olunmasına göstərdiyi xidmətlərə görə fərqlənib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, UNESCO və ISESCO-nun dəstəyi ilə 2008-ci ildə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” beynəlxalq forumu ümumbəşəri mədəniyyətə, sülhün və əmin-amanlığın bərpa olunmasına hesablanmış ən böyük addım olaraq yadda qalıb. Ölkəmizdə bilavasitə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü”, “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfranslar, “Dünya gənclərinin 4-cü məşğulluq sammiti”, BMT-nin Dövlət Xidmətləri Forumu, habelə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal tədbirlər uğurla keçirilib. Bütün bu tədbirlər isə Azərbaycanın dünyada sülhün bərqərar olmasına töhfə vermək niyyətini ifadə etməklə yanaşı, sülhün təşviqində də böyük rol oynayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

General Hikmət Mirzəyev Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarına təşəkkür etdi

Sonrakı məqalə

BMT-nin Baş katibi 24 saatlıq qlobal atəşkəslə bağlı çağırış edib