İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının yenidən açılması ilə bağlı hər hansı razılaşmanın əldə olunduğu barədə yayılan məlumatları təkzib edib.
“Fars” agentliyinin İranın danışıqlar heyətindəki mənbələrə istinadən yaydığı məlumata görə, Hörmüz boğazının açılması ilə bağlı tərəflər arasında heç bir razılıq əldə olunmayıb və bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Mənbənin sözlərinə görə, ABŞ-ın İrana qarşı düşmənçilik xarakterli addımları davam etdiyi müddətdə Hörmüz boğazı bağlı qalacaq.
Bildirilir ki, hazırkı şəraitdə boğazdan keçən gəmilərin hərəkəti yalnız əvvəlcədən müəyyən edilmiş marşrut üzrə və SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin icazəsi ilə mümkün olacaq.
SEPAH-ın bu mövqeyi ABŞ Prezidenti Donald Trampın son açıqlamalarından sonra səsləndirilib.
Bundan əvvəl İsrailin N12 telekanalı Trampın İrana planlaşdırılan hərbi hücumu ləğv etməsinin əsas səbəblərindən birinin Hörmüz boğazı ilə bağlı kompromis razılaşmasının əldə olunması olduğunu iddia etmişdi.
Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi Qətər vasitəçiləri və ABŞ tərəfindən irəli sürülən təklifi qəbul edib. Təklifə əsasən, Hörmüz boğazı vasitəsilə körfəzə daxil olan gəmilər İranın, körfəzdən çıxan gəmilər isə Omanın dəniz məkanından hərəkət etməli idi.
İddialara əsasən, Oman da bu təkliflə razılaşıb. Bununla belə, Maskat İran tərəfinə müraciət edərək Abbas Əraqçinin razılığının SEPAH-ın rəsmi mövqeyini əks etdirib-etdirmədiyinə aydınlıq gətirilməsini istəyib.
Hazırda İran rəsmiləri və SEPAH-ın açıqlamaları ilə daha əvvəl yayılan razılaşma iddiaları arasında ziddiyyət qalmaqdadır. Rəsmi səviyyədə Hörmüz boğazının açılması ilə bağlı yekun razılaşmanın əldə olunduğu təsdiqlənməyib.