Serbiya və İspaniya final mərhələsinə çıxıb –

DÇ-2022
15 Noyabr 2021 - 09:32

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində daha iki qrupda mübarizəyə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, A və B qruplarında ilk iki yerin taleyinə də sonuncu tur aydınlıq gətirib.

X turda qrupların ikisində də liderlər qarşılaşıb. İlk iki pillədə qərarlaşanlar mundiala birbaşa vəsiqə və pley-offa yollanacaq komandanı öz aralarındakı dueldə müəyyənləşdirib.

Azərbaycan milisinin də yer aldığı A qrupunun ən güclüsü Portuqaliya – Serbiya matçında bəlli olub. 2:1 hesablı əzmkar qələbə qazanan balkanlılar 20 xalla qrup qalibi adını və mundiala vəsiqəni əldə edib. 17 xalı olan Portuqaliya pley-offda mübarizə aparacaq. Formal xarakterli Lüksemburq – İrlandiya görüşündə qonaqlar 3:0 hesabı ilə qalib gəlib.

B qrupunun lideri İspaniya bir xal qabaqladığı İsveçi sınağa çəkib. Bir qolla qələbə qazanan meydan sahibləri 20 xalla 1-ci yeri tutub. Bununla da İspaniya Qətərə yollanmaq hüququna yiyələnib. İsveçi isə çətin pley-off sınağı gözləyir. Bu qrupun autsayderi Kosovonu qəbul edən Yunanıstan qələbəni əldən verib – 1:1.

Qeyd edək ki, meydan sahibi Qətərin birbaşa vəsiqə qazandığı mundialda oynamaq hüququnu daha öncə Avropadan Danimarka, Almaniya, Fransa və Belçika, Cənubi Amerikadan Braziliya yığmaları qazanıb. Pley-offa Şotlandiya, Avstriya, Rusiya, Uels, Çexiya və Şimali Makedoniya vəsiqə əldə edib.