Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə görüş keçirdi –

FOTO
21 Avqust 2020 - 13:19

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüş keçirib.

QMİ-dən verilən məlumata görə, Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbərliyinin və yerlərdəki nümayəndələrinin qatıldığı videogörüşdə QMİ-nin paytaxt və bölgələrdəki qazı və səlahiyyətli nümayəndələri iştirak ediblər.

QMİ sədri Şeyxülislam A.Paşazadə Vətən uğrunda şəhidlərin xatirəsini ehtiramla anıb və Məhərrəm ayının başlanması ilə bağlı məlumat verib.

Koronavirus səbəbindən  məscid və ziyarətgahlarımızın qapalı olmasından təəssüfünü ifadə edən Şeyxülislam A. Paşazadə bu il dünyanın bütün nöqtələrində müxtəlif dinlərin müqəddəs bayram və önəmli ayinlərinin məcburi təcrid tədbirləri səbəbindən fərqli, kütləvi mərasimlər olmadan qeyd edildiyini xatırladıb. Xəstəliyin səngimədiyini və dünyanın müxtəlif ölkələrində yenidən artma meylini vurğulayan QMİ sədri Azərbaycan dövlətinin  misilsiz səyləri ilə ölkəmizdə vəziyyətin nəzarətdə saxlanılmasını, yoluxma sayının azalmasının müşahidə olunmasını müsbət hal kimi dəyərləndirib.

Şeyxülislam A. Paşazadə bildirib ki, ölkədə karantin gündəmə gələn ilk günlərdən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrindən sonra zəruri tövsiyələr nəzərə alınaraq, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar verilib.

QMİ sədri vurğulayıb ki, pandemiya dövrünün məcburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdığı şəraitdə artması ilə əlaqədardır: “Bu il İslamın vacib şərtlərindən biri olan müqəddəs Həcc ziyarətinin, habelə digər müqəddəs ayin və mərasimlərin müvəqqəti dayandırılması artıq dövrümüzün gerçəkliyidir. Aşura kimi, ənənəvi olaraq, böyük kütləviliyi ilə seçilən, sosial məsafəyə əməl olunmasının təmini qeyri-mümkün olan mərasim insanların virusa yoluxma sayının artma ehtimalı baxımından böyük təhlükə yarada bilər. Bu gerçəkliyi nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri dindarlara müraciət edərək, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını nəzərə alaraq, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməyəcəyini bəyan edir.

Şeyxülislam A. Paşazadə bildirib ki, Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məramı ilə bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasıdır. Bu məramın bəzən bilərəkdən təhrif olunması cəhdlərinin yolverilməz olduğunu bildirən QMİ sədri bu yanaşmada bəzi qüvvələrin dövlətlə dindarı qarşı-qarşıya qoyma məkrinin olduğunu istisna etməyib. O bildirib ki, dindarlar hər zaman dövlətin yanındadırlar və onun zəruri qərarlarını anlayış və hörmətlə qarsılayırlar. QMİ sədri dövlətin dinimizə qayğı və diqqətlə yanaşmasından razı olan din xadimlərimizin ölkəmizdəki məzhəblərarası harmoniya mühitinin qorunub saxlanılması, kənar qüvvələrin daxili sabitliyimizi hədəf alan, dini mühitimizə yönəlik məkrli addımlarının qarşısının alınması üçün əllərindən gələni əsirgəmədiklərini vurğuladı. Şeyxülislam A. Paşazadə Qafqaz Müsəlmanları İdarəsi ilə Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin koordinasiyalı fəaliyyətinin bu baxımdan xüsusi önəm kəsb etdiyini vurğulayıb.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, pandemiyanın qarşısının alınması, onun doğurduğu sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan dövləti tərəfindən çevik və məqsədyönlü siyasət aparılır, virusa qarşı mübarizənin ilkin mərhələsindən başlayaraq qabaqlayıcı addımlar atılır, yoluxucu xəstəliklə bağlı vəziyyət nəzarət altında saxlanılır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sağlamlığı, maddi və mənəvi cəhətdən dəstəklənməsi dayanır.

Pandemiyanın ölkəmizin iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər görüldüyü kimi, dövlətimiz dini sahəyə də diqqət və qayğısını əsirgəmir. Komitə sədri vurğuladı ki, pandemiya dövründə dini qurumlara dövlət qayğısı və dəstəyi davam etdirilib. Həmçinin hər zaman olduğu kimi, pandemiya dövründə də dövlətimiz dini ibadət ocaqlarının, ziyarətgahların təmir və bərpa olunması istiqamətində fəaliyyətini dayandırmayıb. Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahının yenidən qurulması və Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olmaq üçün Şamaxıda olublar. Bütün bunlar dövlətimizin dinimizə və mənəvi dəyərlərimizə olan həssas münasibətinin göstəricisidir.

Dünyanı təhdid edən COVİD-19 bəlası ilə mübarizədə dövlət və din xadimlərinin bir araya gələrək qüvvələrini səfərbər etmələrində fayda olduğunu xatırladan Mübariz Qurbanlı pandemiya səbəbilə məscid və ziyarətgahların müvəqqəti bağlı olduğu dövrdə din xadimlərinin fəaliyyətindən razılığını bildirib. Komitə sədri vurğuladı ki, din xadimlərinin insanlara mənəvi dəstəyi, müqəddəs dinimizin aşıladığı yüksək dəyərləri videomoizələrində, onlayn xütbələrində təlqin etmələri, mürəkkəb şəraitdə dini vacibatları yerinə yetirmələri cəmiyyət tərəfindən minnətdarlıqla qarşılanır.

Dövlət Komitəsinin sədri pandemiyanın tezliklə bitməsini arzuladı və videoiclas iştirakçılarını səbrli olmağa dəvət edərək əmin etdi ki, bu dövr bitəcək və biz sizlərlə dini məkanlarda bir araya gələcəyik. QMİ-də pandemiyanın başlanğıc dövründə keçirilmiş toplantıda bütün zəruri tövsiyələrin açıqlandığını bildirən M.Qurbanlı bunun öz müsbət nəticəsini verdiyini diqqətə çatdırdı və bu dəfəki iclasda QMİ Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin dindarlara Məhərrəmliklə bağlı müraciətini də müsbət dəyərləndirdi. Azərbaycan dövlətinin vətəndaşıların sağlamlığının qorunması məqsədilə atdığı addımları şərh edərək yüksək qiymətləndirən M. Qurbanlı din xadimlərinin bu işə dəstəyini vacib saydı, moizə və çıxışlarında bu məqamların vurğulanmasının böyük önəm kəsb etdiyini xüsusi vurğuladı. Komitə sədri Azərbaycanın unikal dinlərarası və məzhəblərarası tolerantlıq məkanı olduğunu və dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu fəxrlə qeyd etdi. O bildirdi ki, QMİ və Dini Komitə mərkəzdə və yerlərdə eyni mərama xidmət edirlər və bizim üçün müstəqil dövlətçilik mənafeləri, milli maraq və mənəvi dəyərlərimiz vacibdir və bu istiqamətdə hər zaman birgə fəaliyyət və faydalı əməkdaşlıq əzmindəyik.  M. Qurbanlı Dövlət komitəsinin TV-lərdə din xadimlərinin insanların mənəvi ehtiyac duyduğu çıxışlarına imkan və mütəmadi qaydada şərait yaradılması məsələsini diqqətdə saxladıqlarını bildirdi.

QMİ sədri Şeyxülislam A.Paşazadənin moderatorluğu ilə davam edən videoiclasda Naxçıvan Muxtar Respublikası üzrə qazı Sahib Məmmədov, Sumqayıt şəhəri üzrə qazı Rauf Sərdarov, Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndə Tahir Abbasov, Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndə Şahin Həsənli, Cənub bölgəsi üzrə qazı Qəni Axundzadə, Quba bölgəsi üzrə qazı Naib Səttarov, Yeni Günəşli Fatimeyi-Zəhra məscidinin imamı İlqar Abdullayev,  Xəzər rayonu üzrə qazı Soltan Əlizadə, İçərişəhər üzrə səlahiyyətli nümayəndə Surxay Məmmədov, Bərdə üzrə qazı Ramazan Hüseynov, Masallı Cümə məscidinin imamı Məftun Hüseynov, İmişli rayonu üzrə səlahiyyətli nümayəndə Adığözəl Bəşirov çıxış etdilər.

Çıxışlarda din xadimləri öz fəaliyyətlərini QMİ-nin tövsiyə və tapşırıqlarına uyğun olaraq həyata keçirdiklərini və dövlətimizin pandemiyanın qarşısının alınmasına yönəlik addımlarını dəstəklədiklərini bildirdilər. Prosesdə rastlaşdıqları çətinlikləri sadalayan, bununla belə yerlərdə səlahiyyətləri çərçivəsində dini-mənəvi borclarını yüksək səviyyədə yerinə yetirdiklərini diqqətə çatdırdılar. Din xadimləri Uca Allahın köməyi və dövlətimizin gördüyü tədbirlər sayəsində tezliklə virus təhlükəsinin sovuşacağına ümidvar olduqlarını bildirdilər. Öz təkliflərini səsləndirən din xadimləri Məhərrəm ayının həssas məqamlarına xüsusi önəm verilməsinin, milli və mənəvi dəyərlərin üz-üzə qoyulmasına yol aça biləcək məsələlərin diqqətdə saxlanılmasına diqqəti çəkdilər. Xüsusi vurğuladılar ki, son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir. Bildirildi  ki, bu il də humanist ənənənin davam etdirilməsi, ölkəmizin Mərkəzi Qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan verilməsi təlqin olunacaqdır.

 

Videoiclasın sonunda şəhidlərin ruhları üçün Quran oxundu, QMİ sədrinin birinci müavini Müfti Salman Musayev dualar edib.