Şeyxülislam Allahşükür Paşazadə İsrailin Azərbaycandakı səfirini qəbul edib –

FOTO
10 Fevral 2021 - 17:10

Fevralın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İsrailin Azərbaycan Respublikasındakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Corc Diki qəbul edib.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, QMİ sədri Azərbaycanda xristianlarla yanaşı, yəhudilərin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamalarını böyük nemət kimi dəyərləndirdiyini və ölkəmizin xristian dünyası və yəhudilərlə əlaqələrinin dərinləşməsini müsbət hal kimi qeyd edib.

A. Paşazadə Azərbaycanda dinlər və məzhəblər arasında mövcud yüksək səviyyəsinin təmini və davamlılığında dövlət siyasətinin, şəxsən ölkə rəhbərinin səy və fəaliyyətinin böyük rolu olduğunu fəxarətlə vurğulayıb. Yəhudi millətindən olan Azərbaycan vətəndaşlarının ölkəmizi hər zaman, hər yerdə yüksək səviyyədə təmsil etmələrini qeyd edən Şeyxülislam A. Paşazadə, 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda azərbaycanlılarla çiyin-çiyinə mübarizə aparan xristianlarla yanaşı yəhudi vətəndaşlarımızın vətənpərvərlik nümunələrindən bəhs etdi, Vətənin müdafiəsi yolunda şəhid olanlar arasında yəhudilərin də olduğunu qeyd edərək cəmi şəhidlərimizə Allahdan rəhmət dilədi. Azərbaycan dövləti İsrailin haqq işimizə verdiyi siyasi, mənəvi dəstəyi yüksək qiymətləndirir.

QMİ sədri dinlərarası səmimi münasibətlərin, qarşılıqlı ehtiram mühitinin xalqlarımız və dövlətlərimiz, bölgəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini, bütün sahələrdə, o cümlədən, dini-mənəvi əlaqələr müstəvisində münasibətlərin yüksək səviyyəsi üçün önəmli olduğunu xüsusi vurğulayıb. A. Paşazadə səfirin işğaldan azad olunmuş ərazilərə səfər zamanı öz gözləri ilə gördüyü reallıqlar barədə nəticə çıxarmaq imkanına malik olduğuna diqqəti çəkərək, Azərbaycan dövlətinin Qarabağda böyük quruculuq işləri çərçivəsində dağıdılmış, həqarətə məruz qalmış dini-mənəvi abidələrin  bərpasının prioritet səciyyə daşıdığını qeyd edib.

İsrailin səfiri Şeyxülislama görüş imkanına görə təşəkkürlərini bildirib. O, Azərbaycan kimi dini tolerantlığın, dinlərarası dostluq və əməkdaşlığın bariz nümunəsinin mövcud olduğu bir ölkəyə təyinat almasından böyük fəxr duyduğunu xüsusi qeyd edib. Azərbaycanın dini lideri Şeyxülislam A. Paşazadənin 40 ildən artıq müddət ərzində diqqətəlayiq, dəyərli fəaliyyətini yüksək qiymətləndirən səfir QMİ sədri, habelə ölkəmizdəki xristian, yəhudi dini icma rəhbərləri ilə görüşlərindən məmnunluğunu ifadə edib. Səfir Azərbaycanda 30.000-dən artıq yəhudi icmasının  antisemitizmdən uzaq, dinlərarası harmoniya mühitində yaşamasını, sinaqoqlarda ibadətlərini rahat, təhlükəsiz şəkildə həyata keçirmələrini böyük nemət kimi dəyərləndirib. Azərbaycanla sıx əlaqələrə malik İsrail dövlətinin bütün sahələrdə, o cümlədən, iqtisadi, siyasi əlaqələrinin daha da inkişaf etdirilməsinin, neft sektoru ilə yanaşı turizm imkanlarının genişləndirilməsinin vacib olduğunu vurğulayan cənab səfir pandemiya dövrü başa çatdığı dönəmdə Azərbaycanın dini liderlərinin İsrailə dəvət olunaraq oradakı din xadimləri ilə görüş, ünsiyyət imkanı verən dinlərarası tədbirlərin təşkili niyyətində olduqlarını diqqətə çatdırıb.

Görüşdə iştirak edən Dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev İsrailli səfirin təyinat aldığı qısa müddət ərzində dəyərli fəaliyyətini xüsusi qeyd edib. O bildirib ki,  səfir C.Dik Azərbaycandakı Vətən müharibəsinin ilk günlərində Bakıdakı sinaqoqa təşrif buyuraraq, oradan dini icma üzvləri ilə bərabər  dünya  yəhudilərinə müraciət etmiş, Azərbaycanın haqlı mübarizəsinə dəstək olmağa çağırış edib. Belə bir mövqeyə görə minnətdarlığını bildirən icma sədri M.Yevdayev səfirə fəaliyyətində uğurlar diləyib.

Görüşdə Rus Pravoslav Kilsəsinin Bakı  və Azərbaycan Arxiyepiskopu Aleksandr İşeyin də iştirak edib.