Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan səfiri ilə görüşüb

01 Sentyabr 2021 - 18:15

Sentyabrın 1-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Serjan Abdıkarimovu qəbul edib.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Azərbaycan və Qazaxıstan arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin bu gün də həyatın bütün sahələrində, o cümlədən, dini-mənəvi müstəvidə davamlı inkişaf etdiyini rəğbətlə qeyd edən QMİ sədri bu münasibətlərin dövlətlərimizin və xalqlarımızın ümumi maraqlarına və mənafelərinə cavab verdiyini xüsusi vurğulayıb. Azərbaycanın tarixi ədaləti bərpa edərək ərazi bütövlüyünü bərpa etməsi yönündə haqlı mübarizəsində Qazaxıstanın beynəlxalq müstəvidə hüquq çərçivəsində qardaş dəstəyini yüksək qiymətləndirən Şeyxülislam A. Paşazadə qazax xalqına minnətdarlığını ifadə edbi. Eyni zamanda, QMİ sədri bu yaxınlarda Qazaxıstanda silah zavodunda baş vermiş partlayış zamanı həlak olanların ailələrinə, yaxınlarına, bütün qazax xalqına başsağlığı verib.

Azərbaycanı tarixi ədalətin və ölkənin ərazi bütövlüyünün beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında bərpası ilə əlaqədar təbrik edən qazaxıstanlı səfir Qarabağı ziyarətindən, bu ərazilərdə gördüklərindən təəssüratlarını Şeyxülislam A. Paşazadə ilə bölüşüb, azad Qarabağda aparılan quruculuq işlərindən rəgbətlə danışıb. Səfir ölkəsi ilə Azərbaycan arasında son dövrlərdə ticarət-iqtisadi sahədə yeni əlaqələrin qurulmasını fəxrlə vurğulayıb, yaxınlarda keçiriləcək İqtisadi Forum, iki qardaş ölkə arasında parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsi, habelə mədəni-humanitar sahədə tədbirlər barədə ətraflı bəhs edib.