İyulun 22-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Xalqları Ali Dini Şurasının videoformatda konfransında iştirak edib.
QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə baş tutan “Pandemiya dövründə Qafqazın dini təşkilatlarının fəaliyyəti” mövzusunda Konfransda ölkəmizdəki dini konfessiya başçıları da iştirak ediblər.
QMİ sədri konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazisi 30 ildən artıqdır ki bütün Qafqaz bölgəsi üçün gərginlik mənbəyidir və regionda sülh və sabitliyə təhlükə törədir. Qafqaz müftilərinə və ölkəmizdəki dini konfessiya rəhbərlərinə hər zaman haqqın yanında olaraq, münaqişənin ədalətli sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdar olduqlarına görə minnətdarlığını bildirib.
Şeyxülislam sərhədlərimizdəki erməni təxribatı ilə əlaqədar dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistan-Azərbaycan Daqlığ Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə dəstək vermək çağırışını bəyan edib və bu əsnada, Roma Papası Fransiskin münaqişə ilə bağlı bölüşdüyü narahatlığa görə təşəkkürünü bildirib.
Videokonfans Qafqazın din xadimlərinin birgə duaları ilə başa çatıb.