Ermənistanda müxalifət partiyasının bələdiyyə rəhbərliyinə namizədi Arsen Gevorkyan istintaq təcridxanasında vəfat edib. O, seçkiqabağı rüşvət paylamaqda ittiham olunaraq həbs edilmişdi.
Azpost.info bildirir ki, Ermənistan KİV-lərinin məlumatına görə, 1980-ci il təvəllüdlü Arsen Gevorkyan noyabrın 10-da səhər saatlarında Yerevandakı “Nubaraşen” cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. Ermənistan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məlumatına əsasən, məhbusun səhhəti səhər saatlarında pisləşib. Təxminən saat 07:55-də təcili tibbi yardım çağırılıb. Saat 08:30 radələrində həkimlər onun bioloji ölümünü qeydə alıblar.
Müəssisənin növbətçi tibb işçisi təcili yardım gələnədək Gevorkyana ilkin tibbi yardım göstərib.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nona Navikyan bildirib ki, Arsen Gevorkyan həbsdə olduğu müddətdə səhhəti ilə bağlı heç bir şikayət etməyib. Bəzi erməni KİV-ləri onun infarkt nəticəsində öldüyünü yazsa da, Penitensiar Xidmətin açıqlamasında ölümün dəqiq səbəbi göstərilməyib.
Seçki rüşvətinə görə həbs edilmişdi
Arsen Gevorkyan müxalif “Güclü Ermənistan” partiyasının oktyabrın 25-də keçirilən Stepanavan bələdiyyə seçkilərində namizədi olub. O, partiyanın seçki siyahısına rəhbərlik edib. Gevorkyan oktyabrın 21-də, seçkidən cəmi dörd gün əvvəl saxlanılıb. Həmin gün Ermənistanın Antikorrupsiya Məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. İş üzrə ümumilikdə 14 nəfər saxlanılıb.
Ermənistan Antikorrupsiya Komitəsinin irəli sürdüyü ittihama görə, Gevorkyan bir neçə onlarla seçiciyə “Güclü Ermənistan” partiyasına səs vermələri şərti ilə pul təklif edib. O isə irəli sürülən ittihamları qəbul etməyib.
