“Şeyxülislam Allahşükür Paşazadənin bəyanatı böyük rezonans doğurub” –

İordaniya portalı
29 İyun 2021 - 20:15

İordaniyada fəaliyyət göstərən rus mənşəli jurnalist, “The Russian Vision Supplement” qəzetinin baş redaktoru Yelena Duqina NBNJO media şirkətinin rəsmi saytında “Qafqaz Müsəlmanları İdarəsi sədrinin bəyanatı geniş rezonans doğurub” sərlövhəli məqalə ilə çıxış edib.

Müəllif Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşündə erməni kilsəsinin Qarabağ münaqişəsini dini zəminə çəkməklə BMT səviyyəsində qəbul olunmuş qərarlara hörmətsizlik etdiyi, öz xalqını işğala sövq edən erməni din xadimlərinin mövqeyinin qəbuledilməz olduğu barədə söylədiyi fikirlərin, habelə erməni katolikosu Qareginin Xankəndiyə səfəri ilə bağlı bəyanatının təkcə çoxmillətli Qafqaz regionunda deyil, bütün İslam dünyasında geniş rezonans doğurduğunu yazıb.

Y.Neduqina qeyd edib ki, ermənilərin 30 ilə yaxın işğal etdikləri ərazilərdə törətdikləri vəhşilik və barbarlıq aktlarına baxmayaraq, Azərbaycan sülhə və regional təhlükəsizliyə nail olmaq, dini tolerantlıq və mədəniyyətlərarası dialoq istiqamətində səylərinin davam etdirir. Şeyxülislam Allahşükür Paşazadənin bu mövqeyi onun erməni katolikosu II Qareginin Xankəndiyə səfəri ilə bağlı bəyanatında da qeyd olunub. O vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dini liderlərin Ümumdünya Kilsələr Şurasının, Gürcü Pravoslav Kilsəsinin, Vatikanın, xüsusilə Rus Pravoslav Kilsəsinin ali vasitəçiliyi ilə baş tutmuş Montrö, Rostov, Moskva, Tbilisi, Yerevan, Bakı görüşləri sayəsində dini müstəviyə keçməsinə yol vermədik. QMİ-nin sədri təəssüflə qeyd edib ki, münaqişənin sülh yolu ilə ədalətli həlli ilə bağlı səylər erməni kilsəsi tərəfindən əməldə dəstəklənmədi, illərlə davam edən dinlərarası dialoq dövründə sülhə nail olmaq naminə birgə bəyan etdiyimiz və hazırkı erməni dini liderlərinin də imzaladığı bəyannamələrin ruhuna zidd olaraq Erməni Apostol Kilsəsi öz xalqına nicat verəcək sülh ideyalarını təşviq etmədi, barışığa, dinc həyata, qarşılıqlı anlaşma və əməkdaşlığa sövq etmədi.

İordaniyada yaşayan jurnalist daha sonra yazıb: “Müsəlman ölkəsində yaşasam da, Rus Pravoslav Kilsəsində ibadət edirəm… Düşünürəm ki, erməni katolikosu II Qareginin Azərbaycanın müvafiq dövlət orqanlarından icazə almadan Xankəndiyə qanunsuz səfəri regionda sülhə xidmət edən səylərə uyğun deyil. Xristianlıq sülhü və qardaşlığı təbliğ edir. Erməni din xadiminin bu hərəkəti, onun Azərbaycana qarşı aqressiv çağırışları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir. Onun bəyanatları İsa Peyğəmbərin xilaskarlıq və insanlar arasında ahəng yaradılması təliminə daban-dabana ziddir, II Qareginin guya erməni kilsələrinin zərər görməsi barədə sözləri isə anlaşılmazdır. Hər kəsə məlumdur ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində bütün məscidləri və dini abidələri dağıdıb və təhqir ediblər”.