Şeyxülislam Almaniya müsəlmanları mərkəzi şurasının sədrini qəbul edib

 Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 25-də Almaniya müsəlmanları mərkəzi şurasının sədri Ayman Mayzek ilə görüşüb.
Azpost.info bildirir ki, bu barədə QMİ mətbuat xidməti məlumat verib.
Qonağı səmimi salamlayan Şeyxülislam A. Paşazadə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi və ölkəmizdə hökm sürən dinlərarası harmoniya, məzhəblərarası anlaşma mühiti barədə ətraflı məlumat verib. Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi geniş bərpa-yenidənqurma işləri barədə məlumat verən QMİ sədri erməni vandalizminə məruz qalmış dini-mənəvi abidələrimizin böyük diqqət və qayğı ilə bərpa edildiyini qonağın diqqətinə çatdırıb.
Almaniyalı qonaq Azərbaycana ilk dəfə səfər etdiyini, lakin burada mövcud dini və etnik tolerantlıq barədə çox məlumatlı olduğunu qeyd edib. Azərbaycanın dini mühiti ilə yerində tanış olmaq məramı ilə gerçəkləşdirdiyi bu səfərində dini lider – Şeyxülislamla görüşmək fürsətindən hədsiz məmnun olduğunu ifadə edib və qəbula görə minnətdarlığını bildirib.
Şeyxülislam A. Paşazadə Azərbaycanın dini mərkəzinin Avropa dini icma və mərkəzləri, o cümlədən, Avropa ölkələrindəki müsəlman icmaları ilə fəal əlaqələrə malik olduğunu, bütün səfərlərində və beynəlxalq tədbirlərdə onların nümayəndələri ilə görüşdüyünü qonağın diqqətinə çatdırıb. Avropa ölkələrində islamofobiya hallarının, o cümlədən, bəzi dövlətlərdə Quranın yandırılması kimi aksiyaların təşkilinin sivilizasiyalararası dialoq prosesinə xələl gətirdiyini vurğulayan Şeyxülislam A. Paşazadə, iştirakçısı olduğu bütün dini platformalarda dinlərin müqəddəs rəmzlərinə ehtiramlı münasibətin zəruriliyini, dindən siyasi məqsədlər üçün sui-istifadənin qətiyyən yolverilməz olduğunu vurğuladığını bildirib. Bu kontekstdə, QMİ sədri erməni kilsəsinin Azərbaycana qarşı qarayaxma kampaniyaları, öz revanşist məqsədləri üçün dini müstəvilərdən, ələlxüsus, Ümumdünya Kilsələr Şurasının tribunasından sui-istifadə hallarından danışıb və QMİ-nin buna qarşı etiraz bəyanatını xatırladıb.
Almaniyalı qonaq, öz növbəsində, Avropada Quran yandırılması hallarına toxunaraq, bundan müsəlmanların deyil, Avropa cəmiyyətlərinin özlərinin narahat olmalı olduqlarını vurğulayıb. Cənab Mayzek bildirib ki, Azərbaycanın malik olduğu multikultural, tolerant cəmiyyət təcrübəsi nəinki müsəlman, bütün digər dünya ölkələri üçün olduqca böyük önəm kəsb edir.
Daha sonra Almaniyalı qonaq Təzəpir məscidini ziyarət edib, orada namaz qılıb.  
Əvvəlki məqalə

Bakı Nəqliyyat Agentliyinin vəzifəli şəxsləri həbs olunub

Sonrakı məqalə

XİN-də Xələf Xələfovla vida görüşü keçirilib