Şeyxülislam Mavrikinin prezidenti Daramber Qoxul ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Dinlər Sülh Uğrunda” təşkilatının 2026-cı il Ümumdünya Şurasının 23-26 iyun tarixlərində keçirilən illik toplantısında iştirak etmək üçün Mavriki Respublikasında səfərdədir.
Azpost.info bildirir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb.
Şeyxülislam A. Paşazadə 2025-ci ildə “Dinlər Sülh uğrunda” təşkilatının Ümumdünya Şurasının həmprezidenti seçilib və Baş Katibi Dr. Frensis Kurianın dəvəti ilə builki toplantıda məhz bu statusda iştirak edir.
23 iyunda “Dinlər Sülh uğrunda”təşkilatının Ümumdünya Şurasının açılış mərasimi öncəsi Mavriki prezidenti Daramber Qoxul Ümumdünya Şurasının bir sıra nüfuzlu rəhbər şəxsləri ilə görüşüb.
Şeyxülislam A. Paşazadə ilə məxsusi görüş zamanı səmimi dialoq baş tutub. Bu yaxınlarda WUF-13 Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Mavriki Prezidentinin Azərbaycana səfərini xatırladan Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidentinin salamlarını Daramber Qoxula çatdırıb. Mavriki prezidenti Şeyxülislamdan səmimi salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə yetirməyi Şeyxülislamdan xahiş edib.
Mavriki Respublikasının Prezidenti Azərbaycanda səfərdə olarkən dini məbədi – Bibiheybət məscid-kompleksini ziyarət etdiyini xüsusi vurğulayıb.
Söhbət səmimi şəraitdə davam edib.
Mavriki Prezidentinin iştirakı ilə “Dinlər Sülh uğrunda” təşkilatının Ümumdünya Şurası öz işinə müxtəlif din xadimlərinin duaları ilə başlayıb. Şuranın builki toplantısının mövzusu “Müştərək Mübarək Tərəqqiyə Doğru Yolların Qurulması”dır.
Şeyxülislam A. Paşazadə mötəbər toplantının “Süni İntellekt — İnsan Hüquqları, Ləyaqəti və Süni İntellektin Çoxdinli Perspektivləri” xüsusi sessiyasında çıxış edəcək.
“Dinlər Sülh uğrunda” təşkilatı yarım əsrdən artıq tarixə malik, dünyanın ən böyük və genişşaxəli beynəlxalq dinlərarası sülhməramlı qurumudur.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.