Şeyxülislam Yunanıstan səfirini qəbul edib –FOTO

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Yunanıstanın Azərbaycandakı səfiri  Nikolaos Piperiqkosu qəbul edib.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, A. Paşazadə Azərbaycanda müxtəlif din nümayəndələrinin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamalarını böyük nemət kimi dəyərləndirdiyini və ölkəmizin xristian dünyası ilə əlaqələrinin dərinləşməsini müsbət hal kimi qeyd edib.

Şeyxülislam A. Paşazadə Azərbaycanın dini mərkəzinin pravoslav konfessiyası ardıcılları, o cümlədən, Rus Pravoslav Kilsəsi, Gürcü Pravoslav Kilsəsi ilə tarixən yaxın əlaqələrinin mövcudluğuna diqqəti çəkərək, Yunan Ortodoks Patriarxı I Varfolomey ilə dinlərarası dialoq müstəvisində məhsuldar əlaqələrin səviyyəsindən razılığını ifadə edib, QMİ nəzdində fəaliyyət göstərən Beynəlxalq Bakı Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzinin xətti ilə keçirilən beynəlxalq forumlar, o cümlədən, Avropa ölkələrində baş tutmuş beynəlxalq konfranslar barədə səfirə ətraflı məlumat verib. Bildirib ki, Direktorlar Şurasının üzvü olduğu KAİSİİD Beynəlxalq Dialoq Mərkəzində yunan əsilli nüfuzlu din xadimləri ilə əməkdaşlıq dinlərarası münasibətlər müstəvisinə öz töhfələrini verir.

Yunanıstan səfiri Novruz bayramı ərəfəsində Şeyxülislam A. Paşazadə kimi tanınmış, müsəlman dünyasının nüfuzlu dini lideri ilə görüş imkanından şərəf duyduğunu ifadə edib.

Şeyxülislam A. Paşazadə rəhbərlik etdiyi dini mərkəz – QMİ-nin dünyanın 100-ə yaxın ölkəsi ilə beynəlxalq əlaqələrinin mövcudluğunu qeyd edərək, Avropa ilə dinlərarası əməkdaşlıq yönündə əməli fəaliyyət çərçivəsində  Yunanıstan və Yunan Ortodoks Kilsəsi ilə gələcək əməkdaşlıq perspektivlərinin xeyirlərə vəsilə olacağına ümidvar olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan güləşçisi erməni rəqibinə qalib gəlib

Sonrakı məqalə

On üç yaşdan kiçik uşaqlar üçün “Instagram” versiyası yaradılacaq