Şeyxülislamın “Qarabağ həftəsi” –  

“Hucum diplomatiyası”na dini cameə də qoşuldu
25 İyul 2020 - 13:13

Ölkənin ictimai-siyasi həyatı artıq neçə gündür ki, Ermənistanla sərhəddə baş vermiş təxribata köklənib.

Düşmən hucumunu dəf edərkən əsgərlərimizin qəhrəmanlığı, həlak olmuş hərbçilərimiz vətənpərvərlik ruhunu qaldırıb, Prezident İlham Əliyevin orduya dəstəklə bağlı çağırışına səs verən on minlərlə könüllü vətəndaşı əsgər sıralarına yazılmaq üçün hərbi komissarlığın qarşısına gətirib.

Ölkənin bütün ictimai-siyasi-mədəni kəsimi birləşərək sərhədimizə olunan təhdidə qarşı vahid cəbhə yaradıb.

Hamının bir nöqtəyə vurduğu belə bir zamanda xaricdə yaşayan soydaşlarımızın Qarabağla bağlı dünya ölkələrində başladığı dinc aksiyalar Ermənistanın riyakar siyasətinin, təcavüzkar xislətinin nümayişinə çevrilib.

Dünya bir daha Azərbaycanın haqlı mövqeyinin şahidi oldu, düşmənin təcavüzkar niyyətini gördü.

Bu gün hamı əlində olan təsir rıçaqları ilə Azərbaycanın haqq işi uğrunda mübarizəsində iştirak edir.

Bu sırada din xadimlərimiz də var. Təcavüzün ilk günündən xalqla bir yerdə olan ruhanilərimiz göz yaşları içində şəhid nəşini dəfn edir, qalib əsgərlərimiz üçün dua edir, düşmənə qarşı mənəvi gücün yaranmasında qüvvəsini əsirgəmirlər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bu günlərdə özünün fəal ictimai fəaliyyəti ilə bu prosesdə iştirak edib. Tovuzda hərbi toqquşmaların ilk günündən beynəlxalq qurumlara müraciət edən, onlayn konfranslara qatılan A.Paşazadə bu toplantılarda Ermənistanın təcavüzkar davranışını ifşa edərək ölkəmizin mövqeyini ifadə edib.

İyulun 21-də İSESKO, RABİTƏ Müsəlman Dünyası Liqasının və Müsəlman Cəmiyyətləri Beynəlxalq Şurasının həmtəşkilatçılığı ilə baş tutan “Böhran Vəziyyətində Dini Liderlərin Rolu” mövzusunda virtual Forumda çıxış edən Şeyxülislam Ermənistanın Azərbaycanın bu ölkə ilə sərhəd bölgəsində yeni təxribatlar törədərək, atəşkəs rejimi pozduğunu,  ərazilərimizin yenidən təcavüzə məruz qalmasını bəyan etdi. Forumun tribunasından bir daha dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət edərək, Ermənistan-Azərbaycan Daqlığ Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə dəstək verməyə çağırdı.

İyulun 22-də Qafqaz Xalqları Ali Dini Şurasının videoformatda konfransında iştirak edən Şeyxülislam Allahşükür Paşazadə Tovuz hadisələri barədə danışaraq təcavüzkar Ermənistanın fəaliyyətini pislədi. Münaqişə ocağının 30 ildən artıqdır ki bütün Qafqaz bölgəsi üçün gərginlik mənbəyi və regionda sülh və sabitliyə təhlükə olduğunu deyən Şeyxülislam sərhədlərimizdəki erməni təxribatı ilə əlaqədar dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət edərək Daqlığ Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə dəstək verməyə çağırdı.

Qafqaz xalqlarının hər zaman birlikdə olduqlarını, mənəvi əlaqələrinin güclü olduğunu vurğulayan Müftilər Azərbaycan-Ermənistan sərhəddində baş vermiş son təxribat hadisələrindən olduqca narahat olduqlarını dilə gətirdilər. Həlak olmuş Azərbaycan hərbçiləri və mülki əhali ilə bağlı səmimi başsağlıqlarını Azərbaycan Prezidentinə və bütün Azərbaycan xalqına yetirməyi Şeyxülislam A. Paşazadədən rica etdilər, həlak olanlar üçün Allahdan rəhmət dilədilər.

Müftilər ədalət bərpa olunmayana kimi qan tökülməsi ehtimalından olduqca narahat olduqlarını vurğuladılar. Bununla bağlı Müftilər Azərbaycanın BMT tərəfindən tanınan ərazi bütövlüyünü dəstəklədiklərini bildirdilər.

Özlüyündə Qafqazın bu qədər tanınmış din xadiminin Azərbaycanın ərazi bütövlüyünü dsətəkləməsi unikal hadisədir.

İyulun 24-də Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri bəyanat verərək Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatı, dinc əhalini, yaşayış yerlərini, dini məbədləri davamlı atəşə tutmasını qətiyyətlə pislədilər və dünya ictimaiyyətini, dini liderləri və beynəlxalq təşkilatları bu hadisəyə biganə qalmamağa, müvafiq mövqe nümayiş etdirməyə çağırdılar.

Belə mövqe indi yaranmayıb. QMİ sədrinin bu illərdə müsəlman və qeyri islam dövlətlərində apadığı iş, beynəlxalq platformalarda fəaliyyəti, nufuzu dünya dini liderlərinin Azərbaycanın haqq işinin müdafiəsi üçün ardıcıl mövqeyini formalaşdırıb. Dövlətin milli maraqlarına söykənən bu fəaliyəti müsbət nəticələrini verməkdədir.

Bu gərgin günlərdə QMİ sədri özünün bütün fəaliyyətini Qarabağa həsr etdi. Beynəlxalq müstəvidə aparılan fəaliyyətini Prezident İlham Əliyevin tövsiyə etdiyi “hucum diplomatiyası” prinsipləri əsasında quran A.Paşazadə bununla dövlət din əməkdaşlığının uğurlu formatını nümayiş etdirdi.

Cəmiyyətin həmrəylik nümayiş etdirdiyi belə bir vaxtda Şeyxülislamın ünvanına atılan qərəzli atmacalar məkrli niyyətlərdən xəbər verir. 1990-cı iilin yanvarında, Fövqəladə vəziyyət şəraitində, Bakıda sovet avtomatlarının tətiyi altında qorxmadan Şəhidlərin milyonluq dəfninə rəhbərlik etmiş, qanlı faciəni lənətləmiş QMİ sədri öz xalqının başına gətirilən müsibətlərə heç vaxt biganə qalmayıb. Azərbaycanın ən ağır günlərində xalqın önündə olub, Qarabağda düşmənlə vuruşan əsgərimizlə bir yerdə səngərə girib.

Tovuz hadisələrində həlak olmuş qəhrəman hərbçilərimizə “Cənab General, Biz hamımız əsgərik. Ruhun şad olsun”- deyə dəstək verən, generalının, əsgərinin şəhidlik məqamını əziz tutaraq “vətən uğrunda öldürülənlərə ölü deməyin, onlar şəhiddirlər”- bəyan edən A.Paşazadə dövlətin pandemiya dövründə qoyduğu qaydalara uyğun olaraq onların uca məqamını ziyarət etdi. Ola bilsin özlərini 90-cı illərin əvvələrindəki pərakəndəlik dövründə hiss edənlərin gözlərinə dövlətin tətbiq etdiyi qayda-qanun görünmür, amma bu gün dövlət ərkanını, nizamlı idarəçilik sistemi bərqərar olmuş ölkəmizdə tənzimlənmiş karantin qaydalarına riayət etmək tutduğu postundan, məqamından asılı olmayaraq hamı üçün eynidir. Pandemiya daha izdihamlı dəfn törəninə imkan verməsə də Şeyxülislam Fəxri Xiyabana gələrək şəhid zabitlərin məzarını ziyarət etdi, ruhlarına dualar oxudu. Daha sonra ölkənin müxtəlif yerlərinə səfər edərək Tovuz döyüşlərində həlak olmuş qəhrəman hərbçilərimizin qəbirlərini ziyarət etdi. Bu ziyarətlər davam edəcəkdir.

QMİ sədrinin Qarabağla bağlı dünya ruhaniləri arasında apardığı təbliğat bir çox beynəlxalq toplantılarda Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi ilə müşayət olunub. Elə Tovuz toqquşmalarından sonra Rusiyanın Patriarxı Kirilin hər iki dövlətə müraciəti, Roma Papasının mövqeyi, Şimali  Qafqaz dini rəhbərlərinin, İslam Əməkdaşlıq Təşkilatının dəstəyi Prezident İlham Əliyevin siyasi prisnsiplərinə əsaslanaraq aparılan işin nəticələrindən sayıla bilər.

Bu çətin və şərəfli günlərdə azərbaycanlı dindarlar dövlətlə vahid mövqe nümayiş etdirərək vətən naminə atılacaq bütün addımlara dəstək olacaqlarını bəyan etdilər, məscidlərdə oxunan moizələrində xalqımzın qələbəsi üçün uca Allahdan güc və xeyir-dua istədilər.

Düşmən tezliklə cəzasına çatacaq. İşğal olunmuş torpaqlarımız azad ediləcək. Müzəffər ordumuzun azad edəcəyi torpaqlarımzdakı məscidlərdən ucalacaq qələbə dualarının səslənəcəyi o günə çox az qalıb.

Emin ABBASOV