“SMS icazəsi qaytarılsın, təcili şəkildə sərt tədbilərə keçməliyik” –Milli Məclisin Komitə sədri Operativ Qərargahı sərt karantinə çağırdı

“Azərbaycanda karantin rejimi sərtləşdirilməlidir, əks halda qarşısıalınmaz fəsadlarla üzləşəcəyik”.

Bunu Modern.az-ın son günlər koronavirusa yoluxma tempində artımla bağlı suallarını cavablandıran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

M.Quliyev qeyd edib ki, hökumət tərəfindən lazımi tədbirlər görülsə də, bütün dünyada, eləcə də Azərbaycanda koronavirus çox şiddətlə artır: “Yoluxanlar arasında ölənlərin də sayı durmadan artır. Ona görə hesab edirəm ki, biz təcili şəkildə sərt tədbilərə keçməliyik. Artım bu templə davam edərsə, dərman qıtlığı yarana bilər. Onsuz da xəstəxanlarda yer qıtlığı var. Həkim və tibb bacılarının enerjisi tükənir, onlar arasında da yoluxanlar var. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələ üzərində ciddi şəkildə düşünməli və sərt karantin rejiminə keçilməlidir.

Əsas diqqət insanlar arasında kontaktların azaldılmasına yönəldilməlidir ki, şəhərdə, küçələrdə, ictimai nəqliyyatda az adam olsun. Müəyyən iş yerləri tamamilə bağlanmalı, müəyyən iş yerləri növbəli rejimə keçməlidir. Şənbə-bazar tətbiq edilən qadağalar dörd günə qaldırıla bilər, SMS icazə formasına yenidən baxmaq olar, 65 yaşdan yuxarı və 18 yaşa qədər şəxslərin iki həftə ərzində küçəyə çıxmasına qadağa qoya bilərik.

Kafe-restoranların, ictimai iaşə müəssisələrinin iş saatını azaldıb, onlayn sifarişləri artırmaq olar. Marketlərə onlayn rejimdə xidmət göstərmələri tövsiyə edilə bilər. İki həftəlik Bakıya giriş-çıxışa qadağa tətbiq etmək olar. Ancaq bu yolla virusa yoluxmanı azalda bilərik”.

Deputat deyib ki, sərt karantin rejiminə keçməklə ictimai nəqliyyatda sxılığı minimuma endirməliyik: “İki həftəlik də olsa, çox ciddi karantin tədbirlərinə getməliyik. Artıq yoluxanların sayı 3 mini keçib, bizim də xəstəxana resursumuz 12-15 mindir. Bundan sonra nə edəcəyik?! Açığı, artıq neçə gündür vətəndaşlardan xəstəxanaya yerləşdirilməklə bağlı müraciətlər alırıq. Amma artıq xəstəxanlarda çarpayılar dolub”.

Deputat həmçinin, daha çox test aparılmasının vacibliyini vurğulayıb: “Dövlət qiymətinə özəl sektora yalnız xidməthaqqı ödənilməklə pulsuz testlər verilsə, yaxşı olar. Nəticədə daha çox test həyata keçirmək olar. Ən azı insan simptomsuz da olsa, yoluxduğunu bilsə, özünütəcrid edər, yaxınlarını qoruyar, vaxtında dəstəkləyici müalicə alar. Amma insanlar bir çox hallarda xəstəliyi gizlin keçirəndən, daha çox insanı yoluxdurandan, hərarət qalxandan sonra həkim çağırır. Həmin gün də həkim olur, ya olmur. Ona görə vəziyyət daha da qəlizləşmədən təcili tədbilər görülməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bakıda İsrail bayraqlarının dalğalanması…” –

Sonrakı məqalə

Azərbaycan Ordusunun Kəlbəcərə daxil olmasının növbəti görüntüləri –