SOCAR dənizdə işləyən 1000-ə yaxın işçisini təxliyə edib –

Estakadalarda aparılan işlər dayandırıldı
07 Fevral 2020 - 19:23

Bu gün axşam saatlarından etibarən ölkə ərazisində hava şəraitinin kəskinləşəcəyi proqnozu ilə əlaqədar SOCAR 1000 nəfərə yaxın işçisini təxliyə edib.

Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, bu gün axşam saatlarından etibarən hava şəraitinin kəskin dəyişməsi proqnozu səbəbindən SOCAR-ın dənizdə işləyən təxminən 1 000-ə yaxın işçisi sahilə təxliyə edilib: “Hazırda dəniz platformaları və estakadalarda açıq sahələrdə aparılan işlər dayandırılıb. Bütün təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib. Dəniz platformaları ətrafında FHN-nin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək”.

Qeyd edək ki, bu gün axşam saatlarında dənizdə küləyin sürətinin 35-40 m/s-dək artacağı proqnozlaşdırılır. (APA)